Gəncə hadisələri ilə bağlı 6 iş məhkəmə göndərilib

2018-ci ilin iyul ayında Gəncədə baş vermiş iğtişaşlarla əlaqəli altı cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir ki, bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsd işi  ilə bağlı 29 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərdən 11-i beynəlxalq axtarışa verilib.

İki polis əməkdaşının öldürülməsi və digər faktlar üzrə aparılan cinayət işi üzrə isə 59 nəfər təqsirləndirilən şəxs qismində barələrində həbs qətimkan tədbiri seçilib. Onlardan bir nəfər barəsində həbsli axtarış elan olunub.

Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2018-ci il iyulun 3-də Gəncə sakini Yunis Səfərov Elmar Vəliyevi öldürməyə cəhd edib. Vəliyev yaralanıb, amma sağ qalıb. Hücum edən şəxs saxlanılıb.

Bir həftə sonra şəhər sakinləri Vəliyevin istefası və Səfərovun azad edilməsi tələbi ilə mitinq keçirib. Polislə qarşıdurma zamanı Gəncə Polis İdarəsinin iki yüksək vəzifəli zabiti öldürülüb.