Gürcüstandakı erməni kilsəsində bayraq yandıran azərbaycanlı axtarışa verilib [video]

Dekabr ayının 2-də üç azərbaycanlı Tbilisidəki erməni kilsəsi “Surb Gevork”a gəlib söyüş söyüblər və sonra kilsə önündə erməni bayrağını yandırıblar. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı kilsəyə girənlərin biri İsmayıl Zalova cinayət işi qaldırıb və Zalov axtarışa verilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki “Surb Gevork” erməni kilsəsinə girib təhqir və söyüş işlədən miliyyətcə azərbaycanlıların birinə qarşı cinayət işi qaldırdığını bəyan edib.

Bu haqda Gürcüstandakı erməni Apastol Kilsəsinin Yeparxiasına yazılı məlumat da göndərilib.

Hadisə dekabrın 2-si baş verib, ancaq bu ilin fevral ayının ortaları hadisənin videosu Facebook-da paylaşıldıqdan sonra səs-küy yaratmağa başlayıb.

Videoda aydın görünür ki, üç azərbaycanlı ayin zamanı Tbilisidəki erməni kilsəsinə girib erməniləri lənətləyir, söyürlər. Həmçinin kilsənin qarşısında erməni bayrağı da yandırılıb.

Erməni yeparxiyası hadisədən həmin gün xəbər tutub dərhal hökümət idarələrinə müraciət edib.

Kilsənin həyətində quraşdırılmış kameradan alınan videomateriallar Gürcüstanın Daxili İşlər Nazirliyinə təqdim edilib.

“Sputnik” radiosunun erməni xidmətinin xəbərinə görə, hadisəni törədənlərdən birinin adı İsmayıl Zalovdur və elə ona da cinayət işi qaldırılıb. Onun Kalininqradda yaşayan azərbaycanlı iş adamı olduğu bildirilir.

İsmayıl Zalovun Azərbaycan-İsrail hüquqi mərkəzinin rəhbəri olduğu da deyilir.