‘iPhone’ üç qat xeyir götürür, ‘Xiaomi’ isə 5 faiz

On il əvvəl mobil telefonların qiymətini çox baha hesab edərkən, indi telefon qiymətlərinin gün-gündən yüksəlməsi qarşısında artıq heyrət belə etmirik.

Bəs telefonların qiyməti ilə istehsalat xərcləri arasında nə qədər fərq var və mobil telefon qiymətləri niyə yüksəlir?

‘Statista’ portalı məsələ ilə bağlı kiçik bir araşdırma edib. Yazıda deyilir ki, texnologiya aləminin əsas xüsusiyyətlərindən biri, vaxt keçdikcə malların qiymətlərinin ucuzlaşmasıdır.

Məsəlçün, ilk kompyuterlər, ilk elektron kalkulyatorlar, ilk nazik ekranlı televizorlar çox bahalıydı, insanlar onları almaqda çətinlik çəkirdi.

1984-cü ildə ilk mobil telefon satışa çıxanda çox bahalı, təqribən 4000 dollara satılırdı. Bu günün smartfonları isə 320 dollara satılır. Həmçinin HD Televizorlar ilk dövrlərdə bir neçə min dollara satılsa da indi çox-çox ucuz qiymətə satılır.

Bir iPhone telefonunun hər bir detalının başa gəlmə qiyməti ilə yekun qiymətinin müqaisəsi.

Dünya markaları olan brend telefonlar isə bu qanunauyğunluğu pozur. Son 5 ildə brend telefonların qiyməti dayanmadan artır. Bu təkcə dolların qiymətinin gün-gündən artdığı Azərbaycana aid deyil, bütün dünyaya aiddir.

Məsəlçün, 2014-cü ildə 600 dollara satılan iPhone telefonu bu gün 1000 dollar civarındadır. Yaxud, 2011-ci ildə 350 dollara ala biləcəyimiz Galaxy Note telefonu bu gün Galaxy Note 9 – markası ilə yenə 1000 dollara satılır.

Biz telefonların istehsal xərcləri ilə satış qiymətlərini müqaisə etdikdə onların başa gəldikləri qiymətdən 2-3 dəfə baha satıldığını görməkdəyik.

İş orasındadır ki, bir smartfonun istehsal qiymətlərində onun marketinqi, tədqiqat və inkişafı, mağazalara paylanması, əməliyyat sisteminin hazırlanması, reklamı, qablaşdırılması kimi xərclərin olduğunu unuduruq.

Ancaq bu yenə də Applenin ya da Samsungun olduqca baha qiymətə məhsullar satdığı gerçəkliyini dəyişdirmir.

Beynəlxalq statistika portalı “Statista”nın məlumatına görə iPhone hər telefon modelini istehsal xərclərindən təqribən üç dəfə baha satır.

Apple, Samsung, Huawei kimi nəhəng şirkətlərin hər gün qiymətini yüksəltdiyi smartfonları bir tərəfə, indi bazara Xiaomi və Meizu kimi ucuz qiymətli smartfonlar çıxıb.

Bu firmalar ucuz qiymətə buraxdıqları texnoloji cihazları ilə həm bütün dünyaya smartfonların ucuz istehsalının mümkünlüyünü göstərir həm də gün-gündən böyüyərək Apple və Samsung üçün ciddi təhdidə çevrilirlər.

Məsəlçün, ‘Xiaomi’nin baş meneceri Lei Jun smartfonlar və gündəlik istifadə üçün olan elektron cihazlarından 5%-lik xeyir götürməklə kifayətlənəcəklərini və bu səviyyəni heç vaxt aşmayacaqlarını bildirib.

Həmçinin, bu şirkət hər təbəqədən olan insanları nəzərə alaraq Mi8 telefonunu 470 dollara satarkən, ona çox bənzəyən Pocophone F1-modelini cəmi 200 dollara satırlar.

Belə ki, bu iki telefonun hər biri Snapdragon 845 prossesoru daşıyır. Bu prosessor Galaxy X və Galaxy Note-nin də daxilində var və beləliklə məqsəd Samsung-u mümkün qədər bazardan sıxışdırmaqdır.

Xiaomi  Pocophone F1 modelinin qiymətini aşağı salmaq üçün dizaynında plastik materialdan istifadə edib, toza və suya davamlılıq keyfiyyətindən imtina edib.

“Deməli, smartfon istehsalçıları istəsələr telefonlarında istifadəçiyə az qala heç vaxt lazım olmayacaq keyfiyyətləri ləğv edərək onları daha ucuz qiymətə sata bilərlər” – deyə Lei Jun bildirir.