İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif əvvəlcədən xəbərdarlıq etmədən, qəfil bir qərarla xalqdan üzr istəyərək istefa verib.  Nazir istefası haqda özünün “jzarif_ir” instagram səhifəsində yazıb. Zərifin böyük dünya dövlətləri ilə İran arasında əldə etdiyi anlaşma ən böyük uğuru idi. İndi İranla ABŞ və Qərb arasındakı münasibət heç vaxt olmadığı qədər pisləşib.

Qocaman İran diplomatı Cavad Zərifin istefası tamamilə gözlənilməz olub. O cəmi bir neçə saat öncə Məhəmməd peyğəmbərin qızı Fatimənin şəklini instagramda paylaşaraq şəklə yazdığı şərhdə İran xalqından üzr istəyir və daha vəzifəsini yerinə yetirə bilməyəcəyini deyir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi Zərifin açıqlamasından bir neçə saat sonra dövlət xəbər agentliyi olan IRNA-ya müsahibə verərək, nazirin istefa verdiyini təsdiqləyib, ancaq onun sözlərinə görə nazir istefasının səbəbini əsaslandıra bilməyib.

Xatırladaq ki, bu bazar günü Zərif İran tərəfinin Tehrandakı beynəlxalq aləmlə sərt ritorika xəttinin müdafiəçilərini tənqid etmişdi: “Biz imperialist konspirologiya arxasında gizlənərək öz bacarıqsızlığımızda onları günahlandıra bilərik. Müstəqillik dünyadan təcrid olunmaq anlamına gəlməməlidir” – deyə Zərif bildirmişdi.

Zərifin istefası İranın əvvəlki prezidentləriylə müqaisədə daha mötədili olan Həsən Ruhaninin hakimiyyətdə əsas tərəfdaşlarından birini itirməsinə gətirib çıxaracaq. Məhz, Zərif Ruhaninin Qərblə barışıq və modernləşmə ideyalarının həmmüəllifi idi.