İtaliyada maşın yerinə velosiped sürənlərə 250 avro paylanacaq

Motorlu nəqliyyat vasitələri yerinə velosiped sürməyi təşviq etmək İtalyada çoxdan dövlətin gündəmindədir. Bu işi isə ilk dəfə Bari şəhərinin bələdiyyəsi həyata keçirməyə qərar verib.

Bu şəhərin hər hansı sakini maşını velospedlə əvəz edərlərsə bələdiyyə ona 250 avro ödəyəcək.

BBC-nin yaydığı xəbərə görə “Yaşamaq üçün yararlı və texnoloji şəhər hərakatı” adlanan layihə çərçivəsində maşın sahibləri özlərinə gündəlik nəqliyyat kimi velosiped alarsa Bari şəhərinin bələdiyyəsi hər bir sakinə 100-250 avro arası pul ödəyəcək.

İşlənmiş velosiped alana 100 avro, təzə velosiped alana 150 avro, elektrikli velosiped alana 250 avro pul yardımı göstəriləcək.

Bundan əlavə layihə başlayandan sonrakı ilk dörd ay ərzində evdən məktəbə yaxud evdən işə velosipedlə gedən hər bir sakinə bələdiyyə kilometr başına 20 sent ödəyəcək. Həmçinin günboyu başqa məqsədlərlə də velosiped istifadə edənlərə kilometr başına 4 sent ödənəcək.

Layihədən istifadə edən vətəndaşların nə qədər velosiped sürdüyünü bələdiyyə velosipedlərə quraşdırdığı naviqasiya cihazları ilə öyrənəcək. Hər ay ən çox velosiped sürən on nəfərin hərəsinə əlavə 50 avro bonus da veriləcək.

Bari bələdiyyəsi bu layihəni Ekologiya və Təbii Sərvətlər nazirliyinin 545 min avroluq pul yardımı ilə keçirir, məqsəd həm ətraf-mühiti qorumaq, həm də vətəndaşların sağlamlığını möhkəmləndirməkdir.