Kanadada məsciddə 6 nəfəri öldürənə ömürlük həbs verildi

Alexandre Bissonnette

Kanadada 2017-ci ildə məscidə hücum edərək 6 nəfəri öldürməkdə təqsirləndirilən 29 yaşlı Alexandre Bissonnette ömürlük həbs cəzasına məhkum edilib. 

Məhkəmənin qərarına görə, Bissonnette yalnız 40 ildən sonra şərti cəza ilə azadlığa çıxmaq üçün məhkəməyə müraciət edə bilər.

Dövlət ittihamçısı Bissonnette üçün 150 il həbs tələb etmişdi. Məhkəmə prokurorluğun tələbinə uyğun qərar versəydi, bu, ölkə tarixində indiyə qədər verilmiş ən ağır cəza olacaqdı.

“Cəza intiqama çevrilməməlidir”

Hakim Francois Huot qərarı açıqlayarkən, “cəza intiqama çevrilməməlidir’ deyib.

Kanadada birinci dərəcəli ağır cinayət törədənlərin 25 il sonra şərti cəza ilə azadlığa çıxmaq üçün müraciət etmə haqqı ilə cəzalandırılırlar.

Aymen Derbali

Bissonnette 2017-ci il yanvarın 29-da Kvebek şəhərindəki məscidə silahlı basqın etmişdi. Hadisə zamanı 6 nəfər ölüb, 5 nəfər isə yaralanmışdı. Yaralananlardan Aymen Derbali hücumdan sonra iflic olmuşdu.

“Etdiklərimdən utanıram, terrorist deyiləm”

Baş nazir Justin Trudeau bu hücumu kəskin pisləyib və bunu terror aktı adlandırıb.

Bissonnette məhkəmədə deyib ki, etdiklərindən utanır: “Mən terrorist deyiləm, İslam düşməni də deyiləm”.

Zərərçəkənlərdən biri Derbali məhkəməni izləyən jurnalistlərə açıqlamasında bildirib ki, hücumdan sağ qalanlar verilən qərardan xəyal qırıqlığına uğrayıblar.