“Kitab ucuz olmalıdır” ideyasına həmişə sadiq qaldı…

Ona Bakıda “Qız qalası” kitabçısı Elman dayı deyirlər. Ömrünün 50 ilini kitab təbliği və satışına verib. 1985-ci ildən indiyə kimi isə Qız Qalasının yanındakı kitab mağazasını işlədib. Kitabçı Elman Mustafayev dünyasını dəyişib.

Bakının xalqını ucuz kitabla təmin edən, şəhərin prestijli yerindəki kitab dükanını heç kimə satmayan Elman Mustafayev 3 gün öncə dünyasını dəyişib.

Yolu İçərişəhərə, Qız qalası tərəfə düşən hər bir kitab oxucusunun yaxşı tanıdığı kitabçı və və sevdiyi kitab mağazası vardı. Söhbət az qala bütün Bakının tanıdığı Elman Mustafayevdən gedir.

Elman Mustafayev 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini elə doğma şəhərdə alıb. Həyat Elman Mustafayevi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsinə gətirib. Burada o, «Kitab-əmtəəşünaslıq və biblioqrafiya» ixtisası üzrə təhsil alıb. Özünün dediyinə görə, 7 ixtisası vardı.

Belə ki, cavan vaxtlarında orkestrdə tar çalıb. Sonra iki illik kulinar şagirdlik məktəbini bitirib. Hətta Şəkidə restoran müdiri də işləyib. Daha sonra bir müdət elektrik işləyib. Üç inşaatçı ixtisasım vardı. Əsgərlikdə olarkən öyrədiblər: suvaqçı, rəngsaz, bənnalıq. Hamısına da sənəd veriblər. Amma uşaqlıqdan kitaba olan həvəsi onu başqa peşələrdən uzaqlaşdırdı.

Elman Mustafayevin 1985-ci ildən ölümünə qədər işlətdiyi kitab mağazası.

O, 50 ildən çox idi ki, həyatını kitab aləminə həsr eləmişdi. Uzun müddət Fəvvarələr meydanının yanında tədris pedoqoji mağazanın direktoru olub. Orada fəaliyyəti 1960-1980- ci illərə qədər davam edib.

Sonra Hökümət Evinin qarşısındakı iki mərtəbəli binanın – Bakı kitab evinin ilk direktoru olub. Amma 1985-ci ildən sonra oradan könüllü şəkildə müəyyən səbəblər üzündən ayrılıb.

O vaxtdan indiyə kimi son iş yerində Qız qalasının yanəındakı mağazanın sahibiydi. Bu dükanı 2005-ci ildən özəlləşdirmişdi.

O, ən böyük ideyası “Kitab ucuz olmalıdır, çörək kimi” – fikrinə həmişə sadiq qaldı…

Elman Mustafayev ötən ilin sonlarından xəstə idi.

Allah rəhmət eləsin!