Kocharyan təkadamlıq hücrədə saxlanılır, qohumlarını görə bilmir

Robert Kocharyan

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Kocharyan qohumlarını görməyə icazə verilməməsindən şikayətlənib.

Ermənistanın ombudsmanı Arman Tatoyan eks-prezident Kocharyan-a həbsxanada baş çəkib. Bu barədə Ermənistanın ombudsmanı jurnalistlərə açıqlamasında bildirib.

News.am saytının məlumatına görə, Ermənistanın ikinci prezidenti həbsxanda təkadamlıq, dar hücrədə qalsa da bu haldan şikayətlənməyib.

Ombudsmanın sözlərinə görə, o, eks prezidentlə söhbəti zamanı onlar bir çox məsələni müzakirə ediblər.

Tatoyan bildirib ki, Kocharyan mütəmadi olaraq vəkili ilə əlaqədədir və problemlərini ona çatdırır. Onun problemlərindən biri isə bir müddətdir həbsxana rəhbərliyi tərəfindən qohumlarını görməyə icazə verilməməsidir.

Ombudsmanın sözlərinə görə, onun müdaxiləsindən sonra Kocharyanın bu problemi həll edilib.

Jurnalistlər Tatoyandan Kocharyanı siyasi məhbus hesab edib-etmədiyini soruşanda, o, eks-prezident haqda qaldırılmış cinayət işi ilə bağlı fikir bildirmək səlahiyyətində olmadığını deyib.

Ermənistanın insan haqqları fəalları eks prezidentin dar bir hücrədə, tək saxlanılmasından şikayətlənirlər, lakin bu da əlavə olunub ki, Kocharyan özü penitensiyar xidmətin işçilərindən şikayətlənməyib.

Robert Kocharyan 2018-ci ilin iyun ayında 2008-ci ildə baş vermiş dinc nümayişləri polis gücü ilə dağıtmaq ittihamıyla həbs olunub.

2018-ci ilin avqustunda keçirilən apellyasiya məhkəməsi Kocharyanı ev dustaqlığına buraxsa da həmin ilin dekabrında eks-prezident yenidən həbs edilib və indiyə kimi həbsdədir.