Məşhur “Drina körpüsü” romanı ilk dəfə azərbaycanca çap edilib

Görkəmli serb yazıçısı İvo Andriçin (1892–1975) “Drina körpüsü” kitabı işıq üzü görüb.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilib. “Drina körpüsü” romanı 1961-ci ildə yazıçıya Nobel mükafatı qazandırıb.

Kitabı serb dilindən professor Cəlil Nağıyev tərcümə edib.

Əsər Osmanlı İmperiyasının böyük vəziri, əslən bosniyalı Sokollu Mehmet paşanın orta əsrlərdə Bosniyanın ucqar vilayətlərindən birində – Vişeqradda, dağ çayı Drina üzərində saldırdığı nadir və möhtəşəm körpünün dörd əsrdən artıq zaman kəsiyində başına gələnlərdən bəhs edir.

Romanda həmçinin, həyatları birbaşa bu körpü ilə bağlı olan insanların taleyindən, o dövrlər bu mahalda yaşayan müsəlmanların, serblərin və yəhudilərin məişətindən, ağrı-acılarından söhbət açılır.