Milli fəalın xanımı: ‘Dedilər ki, Abbas ölər, cənazəsini verərik sənə’

24 gündür İrandakı azərbaycanlı milli fəal Abbas Lisanidən xəbər yoxdur. Ailəsi onun səhhətinə görə narahatdır. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Rüqəyya Əlizadə müsahibəsində deyib:

– Mən srağagün məhkəməyə getdim. Bizə cavab vermirlər. Bizimlə çox fərqli davranırlar. Neçə yerə getdim. Axırda da mənə dedilər ki, nə üçün bunun arxasınca bu qədər düşmüsən? Cavab verdim ki, «ağa, o mənim həyat yoldaşımdır, haqqımdır biləm o haradadır, neynəyir, aclıq edir, xəstədir. Onun qaraciyəri xəstədir, ona bir şey olsa, neyləyəcəm». Dedilər: «Ölər cənazəsini verərik sənə». Mənə son cavabları bu oldu. 24 gündür Abbasdan xəbər yoxdur. Nə görüşmüşük, nə də telefonla danışmışıq. Hansı məsul şəxsin yanına gedirəm cavab vermir.

– Bundan əvvəl hara getmişdiniz?

– Məhkəmələrə. Yaşadığım Ərdəbil şəhərində hər yerə getmişəm, cavab vermirlər. Elə deyirlər ki, zindandadır, səninlə görüşmək istəmir. Yalan deyirlər. Özləri Abbasın mənimlə, ya başqa biri ilə görüşməsini istəmirlər.

– Niyə?

– Bilmirəm. Bəlkə aclıq edir, xəbərin yayılmasını istəmirlər, ya da işgəncə veriblər, üz-gözünün göyünün, yarasının getməsini istəyirlər. Bu, mənim təxminlərimdir.

– Bəs vəkili yoxdurmu, o da görüşə bilmir?

– Heç kimi görüşə buraxmırlar. Vəkil də tutdum. Srağagün dostları da mənimlə getmişdilər. Onları da tutdular, bir saat saxlayıb buraxdılar. Dostları da qalıb belə, bilmirik neyləyək. Bizə heç nə demirlər, yəni günahı nədir, niyə tutulub, haradadır, bilmirik. Rəhmətlik Həsən Dəmirçinin qəbrinin üstündə çıxış etmişdi, 10 ay həbs vermişdilər. Onunla bağlı məhkəməyə getmişdi. Oradan tutub aparıblar. Bu dəfə başqa bir səbəblə həbs ediblər. Bilmirik ittiham nədir. Təbrizə getdim, dedilər Ərdəbildədir. Ərdəbil boynuna alıb ki, burdadır, ancaq dedilər, ETTELAT-ın əlindədir, zindana göndərilməyib. Zindana göndərilsə, yaxşıdır, heç olmasa, telefonla danışa, həftədə bir dəfə uşaqlarla gedib həyat yoldaşımı görə bilərdim.

– Abbas bəy həbs edildiyi günlərdə yaxınlarına istinadla aclıq etməsi xəbər yayıldı. Amma indi məlum olur ki, bu məlumat dəqiq deyilmiş.

– Tutulmamışdan qabaq demişdi ki, qanunsuz həbs edilsəm, hökm olmadan içəri salsalar, hökmən aclıq edəcəm. Buna görə aclıq etdiyi deyildi. Bu xəbərin yayılmağını da istəmədiklərindən görüş vermirlər. Artıq özüm də xəstə düşmüşəm. Əsəb xəstəsiyəm. Abbas o qədər tutulub, o qədər işgəncə görmüşük. Artıq beynimdə problem yaranıb, belə vəziyyətdə ölürəm elə bil. Xəbərsizlik məni incidir. Abbas 24 ildir mənimlə evlənib, mən Abbasın üzünü görməmişəm, əksərən zindanda qalıb. Özlərinə də dedim ki, Abbası zindanda saxlamanızdan narahat deyiləm, sağlamlığından narahatam. Axır dedilər ki, «Abbas ölsə, cənazəsini sənə verəcəyik».

Abbas Lisani hər il keçirilən Babək qalasına yürüş və milli fəal Həsən ağa Dəmirçinin dəfnində etdiyi çıxışları zamanı İran İslam Respublikasının əleyhinə çıxmaqda ittiham olunur. O, ittihamları qəbul etmir. Ötən il məhkəmə milli fəalın iştirakı olmadan 10 ay həbs qərarı çıxarmışdı. Küçədə gedərkən saxlanılaraq həbs edilən Lisani daha sonra girov müqabilində sərbəst buraxılmışdı və bu ilin yanvarında yenidən məhkəmə qarşısına çıxarılmışdı. Bu dəfə məhkəmədən sonra o, həbs olunub. Ona yeni ittiham irəli sürüldüyü deyilsə də, ailəsinə dəqiq məlumat verilmir.