Musavatçı siyasi məhbusun məhkəməsi başlayıb

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi məhbus Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən açıq məhkəmədə, MSDM-in sədri İsa Qəmbər, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Fərəc Kərimli, Divan üzvləri Tofiq Yaqublu, Vəfa Cümşüdlü, Alya Yaqublu, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli, hüquq müfdafiəçisi Samirə Ağayeva, bir qrup Müsavat funksioneri və Azad Həsənov yaxınları iştirak ediblər.

Hazırlıq iclası ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra vəkil Osman Kazımov Azad Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Azad Həsənovun istintaqdan yayınacağını ehtimal etmək üçün heç bir əsas olmadığı halda, qanunsuz olaraq həbs qətimkan tədbiri seçilib.

Qısa müşavirədən sonra məhkəmə vəsatətin təmin edilmədiyi haqqında qərarını elan edib. Hakim qərarı oxuyan zaman onun səsinin zalda eşidilməməsi Azad Həsənovun özünün və məhkəmə iştirakçılarının narazılığına səbəb olub. Buna etiraz olaraq, məhkəmə iştirakçıları qərarın oxunmasını ayaq üstə yox, oturaraq müşahidə ediblər.

Məhkəmə prosesi 25 fevral saat 12:00-a təyin edilib.

Qeyd edək ki, Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Evinin yaxınlığında saxlanılan Azad Həsənov narkotika ittihamı ilə həbs edilib. Müsavat Partiyası Azad Həsənova qarşı itihamın uydurma olduğunu bəyan edib.