Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə əvvəlcə Mustafa Hacıbəylinin ötən iclasda qaldırdığı vəsatətin təmin olunmadığını elan edib. Baş redaktor məhkəmə zalından foto-video görüntülərin götürülməsi və audiyazı aparılması barədə vəsatət qaldırmişdı.

Daha sonra ittiham tərəfinin cəlb etdiyi şahidlər – Zülfiyə Babayeva və İlahə Xalidova ifadə veriblər.

Hər iki şahid saytlarda oxuduqları məqalələrə görə narahat olduqlarını bu səbəbdən prokurorluğa şikayətlə müraciət etdiklərini söyləyiblər.

Vəkil Osman Kazımovun və Mustafa Hacıbəylinin suallarına cavab verən şahidlər, məhkəmədə bildiriblər ki, onlar Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevlə bağlı yazıdan narahat olublar. Şahidlərin heç biri həmin yazıdan bir cümlə belə xatırlamayıblar:

“Elmar Vəliyevin yıxılmasından yazılmışdı. Orda ixtişaşa çağırış var idi ona görə qorxdum”.

Mustafa Hacıbəyli bildirib ki, “Elmar Vəliyevin yıxılması” sərlövhəli məqalə istintaq tərəfindən ekspertizaya təqdim olunub:

“Lakin istintaqın özünün cəlb etdiyi ekspert rəy verib ki, bu məqalədə hər hansı çağırış, yaxud qanun pozuntusu yoxdur. Bu yazı ötən illərdə Elmar Vəliyevdən şikayətçi olan müxtəlif vətəndaşların şikayətlərini əks etdirir. Bu bir daycestdir. İstintaqın cəlb etdiyi ekspert bu yazıda kriminal olmadığı barədə rəy verdiyi üçün bu məqalə ittiham aktına salınmayıb. Şahidləri kim təlimatlandırıbsa, görünür, onun bundan xəbəri olmayıb. Şahidlər məqaləni səhv salıblar. Mən bu məqaləyə görə ittiham olunmuram…”

Hakim Mustafa Hacıbəylinin sözünü kəsərək, “bunu ifadənizdə söyləyərsiz”, – deyib.

Vəkil Osman Kazımov təklif edib ki, həmin məqalə məhkəmədə şahidə təqdim olunsun:

“Hörmətli şahid, sizə həmin məqaləni təqdim edək, oxuyun və hansı cümlədə çağırış varsa, həmin cümləni burda səsləndirin. Səsləndirə bilərsizmi?”

Dövlət ittihamçısı suala etiraz edib. Bundan hakim məqalənin şahidə təqdim olunmasına icazə verməyib.

Hakim bir neçə dəfə şahidə ünvanlanmış suallara cavab verməyə çalışıb. Vəkil Osman Kazımov buna etirazını bildirib.

Məhkəmədə belə bir dialoq da olub:

Osman Kazımov şahidə: Mustafa Hacıbəylini tanıyırsınız?

İlahə Xalidova: Yox, – Müstafa Hacıbəyliyə baxır, – simpatiçnıy mujik.

Osman Kazımov: Verdiyiniz şikayətə görə bu “simpatiçnıy mujik”ə 8 il iş düşür.

Şahidlərin ifadələri dinlənildikdən sonra Mustafa Hacıbəyli onların ifadələrinin yalan olduğunu bildirərək, bu ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Məhkəmə məsələyə sübutların qiymətləndirilməsi mərhələsində baxılacağını qeyd edərək, vəsatəti baxılmamış saxlayıb.

Daha sonra hakim ifadə üçün Mustafa Hacıbəyliyə söz verib və ona ifadəni qısa şəkildə, sual-cavab formasında etməyi təklif edib: “Başqa proseslər də var, ona görə nəzərə alın”.

Mustafa Hacıbəyli isə ona çıxış üçün azı 1 saat vaxt lazım olduğunu bildirib.

Hakim başqa məhkəmə proseslərinin də olduğunu əsas gətirərək, prosesi dayandırıb.

Məhkəmə prosesi fevralın 21-də saat 9:30-da Mustafa Hacıbəylinin ifadəsi ilə davam edəcək.