Müxalifət yeni mitinqini martın 2-nə təyin etdi

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) martın 2-nə növbəti etiraz mitinqini təyin edib.

Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb. Mitinqin gələn şənbə saat 15:00-dan 17:00-a qədər “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur.

Əli Kərimli bildirib ki, aksiyanın şüarları əvvəlki aksiyaların şüarları olaraq qalır: “Siyasi məhbuslara azadlıq”, “kənara çıxaırlmış vəsaitlərin ölkəyə qaytarılması”, “2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit probleminin dövlət hesabına silinməsi” və s.

Müşahidəçilərə görə, Milli Şura yanvarın 19-da son illərin ən kütləvi mitinqini təşkil edib.

Bundan sonra müxalifətin yanvarın 26-na və fevralın 23-nə təyin edilmiş mitinqlərinə hakimiyyət icazə verməyib. Bakı şəhər administrasiyası bunu “vətəndaşların və təşkilatların” 19 yanvar aksiyası zamanı ictimai asayişin pozulmaı ilə əlaqədar mitinqlərə icazə verməmək barədə müraciətləri ilə əsaslandırıb.

Paytaxt polisi 19 yanvar aksiyasından dərhal sonra mitinq zamanı ictimai asayişin pozulması hallarının qeydə alınmadığını bəyan edib. Amma mitinqdən 2 gün sonra hökumət ictimai-asayişin pozulması hallarının olduğunu bildirib və buna görə onlarla siyasi fəal inzibati qaydada həbs olunub.