Nazir saxta əlillərin sayını açıqlandı

Ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib.

Bu haqda Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə deyib. S.Babayev deyib ki, Səhiyyə Nazirliyilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur:

“Araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil. Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əllilik faizi 70 faiz azalıb. Bu dinamika reallığa uyğundur”.

Nazir hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görüldüyünü açıqlayıb:

“Saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var. Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfidən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir”.

Nazir bildirib ki, ötən il nazirliyin 600 əməkdaşı barəsində inzibati tənbeh tədbiri görülüb. “Bunlardan 80 nəfəri işdən çıxarılıb, 500 nəfərdən çoxu tənbeh alıb. Bunlar əsasən səhlənkarlıq, kobudluq hallarına görə olub”.