Prokuror ‘AXCP işi’ üzrə ittiham olunanlara 23 il 6 ay həbs tələb edib

Ruslan Nəsirov, Aqil Məhərrəmov, Babək Həsənov

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında” iş üzrə prosesdə məhkəmə istintaqı başa çatıb.

Məhkəmə iclasında prokuror çıxış edib və təqsirləndirilən şəxlərə cəza verilməsini tələb edib.

Dövlət ittihamçısı Sahib Rüstəmova 8 il 6 ay, Babək Həsənova və Aqil Məhərrəmovun hər birinə 7 il 6 ay həbs, Ruslan Nəsirov və Vidadi Rüstəmlinin hər birinə isə 3 il 6 ay şərti cəza istəyib. 

Fevralın 27-də vəkillərin müdafiə çıxışı olacağı gözlənilir.

Vidadi Rüstəmov, Saleh Rüstəmov

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirov və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, S.Rüstəmov ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.