Ramin Cabbarlı: Milli Hərakat təkcə siyasi yox, mədəni ədalət də tələb edir

Ramin Cabbarlı

İran Azərbaycanından olan tanınmış milli fəal Abbas Lisani 1997-ci ildən bəri dəfələrlə qısa müddətli həbs olunub və azadlığa çıxıb. O, 2003-cü ildən başlayaraq Babək Qalasına hər ilki ənənəvi yürüşlərdə iştirak etdiyi və çıxışlar etdiyi üçün həbs olunub.

2003-cü ildə A.Lisani həm də Azərbaycan dilində təqvim yazdığına görə həbs olunub və bir illik həbs cəzasına məhkum edilib. O, 2004-cü ildə Ərdəbilin Sərçeşmə məscidindəki aksiya zamanı da həbs olunub.

2005-ci ildə Məşrutə İnqilabının ildönümü münasibətilə Təbrizdə Bağır Xanın məzarı üstdə keçirilən mərasimdə iştirakına görə həbs edilib. 2006-cı ildə karikatura dərgisindən Azərbaycan dilinin təhqir olunmasına etiraz olaraq Ərdəbil şəhərinə edilən yürüşlərə qatılmaqda günahlandırılaraq 30 aylıq həbsə və 50 şallaq cəzasına məhkum edilib.

Abbas Lisani həmçinin Urmiya gölünün ekoloji vəziyyəti, bir milli fəalın toyunda dediyi nitq və s. ictimai fəallıqlarına görə yenidən və yenidən həbs olunub.

“Abzas” saytı Abbas Lisaninin bir milli və dil fəalı kimi fəaliyyəti haqda ABŞ-da yaşayan digər Güney Azərbaycanlı milli fəal Ramin Cabbarlıya üz tutub.

Ramin Cabbarlı Abbas Lisaninin İran höküməti tərəfindən təkrar-təkrar həbsini onun fəallığının siyasi və sosial nizama təhdid kimi görünməsiylə izah edir:

“Bilirsiniz, İran rejimi aktivliyə həssasdır. Aktivlik öz siyasi və sosial nizamlarına təhdid kimi görürlər. Ona görə də aktivistləri təzyiq və həbsə məruz qoyurlar”.

Həmçinin, Abbas Lisanin sonuncu dəfə 2018-ci ildə həbsinə aparan you səbəblərini Ramin Cabbarlı belə izah edir:

Abbas Lisani xalq qarşısında çıxış edir.

“Abbas Lisaninin son həbsinin səbəbi Güney Azərbaycanın tanınmış musiqiçi və sosial aktivisiti Həsən Dəmirçinin dəfn mərasimində çıxışı olmuşdu. Sonra o çıxışa görə Abbas bəyin məhkəmədə iştirakı olmadan məhkəmə 10 aylıq həbs cəzası vermişdi. Bu hökmə görə də Abbas bəyi həbs edib Təbriz həbsxanasına aparmışdılar, amma sonra hakim Abbas Lisaninin məhkəmə prosesinə etirazını qəbul edib hökmə yenidən baxmaq üçün müvəqqəti azad edib 15 yanvarda yenidən məhkəmə iclası keçirmək qərarı vermişdi. 15 Yanvarda isə məhkəmə islasından çıxarkən o həbs olunub. İrandakı milli fəallar Lisaninin sağlıq durumunun yaxşı olmadığını bildirir, həbsxanada aclıq aksiyası keçirdiyi öyrəniblər. Ailəsi ilə görüşə də izn verilmir”.

Ramin Cabbarlı həmçinin İran məhkəmələrində siyasi hökmlərin geniş yayıldığını və əsasən ölkənin təhlükəsizlik idarəsi olan “ETTELAAT” tərəfindən verilən sifarişlərlə həyata keçirildiyini deyir:

“İranda siyasi hökmlərin hüququ əsası yoxdur. Fəalların aktivliyininin qarşısını almaq üçün ETTELAAT lazım gördüyü hər hansı bir hökmü məkhəməyə diktə edir. İranda ciddi sistem böhranı var. O sistemdə məhkəmələrin müstəqil olması imkansızdır. Özəlliklə siyasi məsələlərdə bu tam aydın şəkildə özünü göstərir.

İranda hər il iyun ayının 30 da azərbaycanlılar Babək Qalasına yürüş edir və milli haqqlarını tələb edirlər.

Başqa fəallar da eyni haqsızlığa məruz qalırlar. Məhkəmə qərarı olmadan uzun zaman təkadamlıq kamerada saxlamaqdan tutmuş işgəncə, telefon dinləmələri, təhdid və təzyiqlər bu prosessin bir parçası olmuşdur. Bütün bunlarla hətta öz ədalətli olmayan qanunlarını belə pozurlar.  İranın hakimiyyəti bu ədalətsiz ictimai quruluşu nəyin bahasına olursa, qorumaq istəyir. Azərbaycan Milli Hərəkatı sadəcə siyasi sistemin dəyişməsini deyil, həm də ölkədə mədəni ədaləti də tələb edir. Bütün mədəniyyətlərin ədalətli bir statusa sahib olmasını tələb edir. Buna ana dili də daxildir, amma bu təkcə dillə məhdudlaşmır. Bu istəklərin təmini üçün ölkədə ictimai-siyasi dəyişiklik lazımdır. Həbslər də bu dəyişikliyin qarşısını almaq cəhdidir”. -deyə Ramin Cabbarlı saytımıza bildirib.