Real TV bütün ölkəyə yayımlanacaq – prezidentlə müsahibənin bərəkəti

Jurnalist Mirşahin Ağayevin bağlanmış ANS TV-nin yerində yaratdığı Real TV əvvəlcə yalnız peyk və kabel kanalları vasitəsilə, həmçinin youtube – kanalı ilə yayımlanırdı.

İndi isə o yerli tezliklərdə, həm də Azərbaycanın hər yerində yayımlanacaq. Bu haqda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Trend” xəbər agentliyinə bildirib.

O qeyd edib ki, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi:

“Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıyıq”.

Yeni ümumrespublika televiziya kanalının açılması ilə bağlı MTRŞ-ya müraciətlərin olub olmaması haqda suala cavab verən N.Məhərrəmli bildirib ki, Real TV respublika yayımçısı olmaq üçün müraciət edib:

“Biz o müraciətə baxacağıq və yaxın vaxtlarda uyğun qərarımızı verəcəyik”.

Bundan öncə, fevralın 12-də Mirşahin “Real TV” üçün ölkə prezidenti İlham Əliyevdən müsahibə almışdı.

Bu prezidentin son illər ölkə mediasına verdiyi ilk müsahibəsi idi. Bu baxımdan, Real TV-yə müsahibədən 10 gün sonra yerli yayım tezliyinin verilməsi təsadüf kimi görünmür.