Rövşən Əliyev danışır – Azadlıq Radiosu, Meydan TV, APA, ANS nələri yanlış edirdilər

Ömrünün 30 ilini jurnalistikaya vermiş, azərbaycan mediasının  tanınmış tənqidçisi Rövşən Əliyev ‘Abzas’ saytına yaşadığı Çexiyadan müsahibə verib. O, Azərbaycanda sosial şəbəkələrin medianı əvəz etməsindən, saxtakar redaktorlar və sayt rəhbərlərindən, media etikasının vəziyyətindən, Azadlıq Radiosunun bilmədiyimiz tərəflərindən və daha bir çox şeydən danışıb.

 – Rövşən bəy, 20 ildən çoxdur ki ölkədən kənardasınız, bildiyimiz qədəriylə yenə də jurnalistika ilə məşğulsunuz, jurnalistlər üçün təlimlər keçirsiniz, öz təşkilatınız var. Başqa nə işlərlə məşğulsunuz? İllərlə jurnalistika ilə məşğul olmaq insanda vərdiş və asılılığamı çevrilir?

 – Təlimlər olanda, dəvət olanda keçirəm, ancaq ayrıca təşkilatım yoxdur. Vaxtilə haralarda işlədiyimi, indi təkbaşına çalışdığımı (buna fərdi biznes də deyə bilərsiniz) Facebookda yazmışam. 2007-ci ildə Azadlıq radiosundan gedəndə xəbər mediasından tamam uzaqlaşmaq fikrim vardı. O vaxt tanıdığım media rəhbərlərindən və məşhur jurnalistlərin çoxundan ağlım bir şey kəsmirdi ki, gedəm onlarla işləyəm. Bu problemi dost-tanış qıtlığı problem ilə qarışıq salmayın. Jurnalistika fakültəsində oxumuşam, on ilə yaxın Bakıda jurnalist kimi çalışmışam…

Azərbaycanda medianın normal maliyyələşmə mexanizmi, ənənəsi yoxdur. Uğurlu startap üçün hüquqi, iqtisadi şərait yoxdur. Bu üzdən xəbər mediası layihəsi başlamağı düşünməmişəm. Peşəkar xəbər mediası qurmaq üçün azı 20-30 nəfərlik bir kollektiv formalaşdırmalısan, onun texniki, maddi, sosial təminatı üçün mənbələr tapmalısan. Qərbdə media proyektlərinin əksəriyyəti aksioner cəmiyyətdir.  Dediyim şəraitə görə, jurnalistikada qalmağı mənasız sayırdım. Sonradan sosial mediada normal jurnalistlərə, potensial yaxşı redaktor ola biləcək insanlara rast gəldim. Ən azından fikrimi bölüşməyə, diskussiyalar aparmağa çevrə tapdım. Sosial mediaya qədər mənə mühit çox qaranlıq görünürdü. Bir tərəfdə məşhur jurnalist, media kapitanları kimi ad çıxarmış “moşenniklər” və ya “zombilər”, o biri tərəfdə onları ələ baxmağa öyrətmiş kiçik elit qrup və manipulyasiya olan böyük kütlə. Sosial media mənim jurnalistikadan gizli asılılığımı üzə çıxardı. Burda söylədiyim ən adi fikirləri klassik mediada vermək üçün nə qədər enerji, əsəb sərf olunacaqdı, nə qədər konflikt çıxacaqdı. Lazım bildiyim materialları asanlıqla bölüşdüyüm üçün, redaktorlarla uzun-uzadı, pişim-pişimlə danışmağa məcbur olmadığım üçün, ən elementar şeyləri izah eləməyə vaxt itirmədiyim üçün bura mənə rahatdır.

“APA agentliyinin, ANS-in bağlanması göstərdi ki, medianın 5-10 faiz jurnalistikaya, 90-95 faiz hakimiyyət marağına xidmət eləməsi də elitanı qane eləmir”

– Sizi Azərbaycan media mühitinin ən tanınmış tənqidçisi sayırlar. Tənqid etdiyiniz əvvəlki illərlə indiki dövr arasında müqayisə aparanda, tənqid obyektləriniz düzəlibmi, mediada müsbət dəyişikliklər ortaya çıxıbmı?

Rövşən Əliyev jurnalistlər üçün təlim keçərkən.

– Sizə ən tanınmış kimi görsənə bilərəm, ancaq media tənqidi ilə çoxları məşğul olub, yorulub. 90-cı illərdən Zeynal Məmmədli, 2000-ci illərdə Rizvan Qənbərli, sonralar Azər Nəzərov ardıcıl tənqidlər yazdılar. Rizvan bəy kitablar yazdı. Auditoriya ən azından duydu ki, görməsək də, bizim üçün hipotetik olsa da, peşəkar media anlayışı var, onun qayda-qanunları var.

Ana axın mediasında müsbət dəyişikliklər yoxdur. Medianı bu günə salan siyasi elitadır. Bu elitanın mediaya baxışı keçən əsrin ortalarının sovet elitasının baxışından heç nəylə fərqlənmir. Onun cılız formasıdır. Müsbət dəyişiklik üçün ən azı auditoriyanın təzyiqi də olmalıdır. APA agentliyinin, ANS-in bağlanması göstərdi ki, medianın 5-10 faiz jurnalistikaya, 90-95 faiz hakimiyyət marağına xidmət eləməsi də elitanı qane eləmir. O, 100:0 hesabı ilə jurnalistikaya qalib gəlmək istəyir. (“Elita” sözü Azərbaycanda çox dərin intelleklilər kimi başa düşülür, ancaq mən bu sözü klassik mənada işlədirəm: resursları əlində cəmləşdirmiş kiçik bir qrup.)

Yarımmüstəqil, yarımpeşəkar ANS televisiyası 2003-cü ildən sonra tam asılı, tam qeyri-peşəkar bir media qurumuna çevrildi. Elita orda qalmış bir-iki damcı jurnalistikanı həzm eləyə bilmədi, bir hadisəni işıqlandırarkən hadisənin mərkəzində olduğu söylənən şəxsdən müsahibə götürdüyünə görə TV-ni bağladı. Yerinə nə yaratdıqlarını bilirsiniz. APA da müəmmalı səbəbə görə bağlandı. Onda peşəkarlıq faizi ANS-ə nisbətən yüksək olsa da – belə deyək, 10 faiz -maliyyələşməsi ANS-dən daha az şəffaf idi.

Ana axın mediası indiki şərtlərlə düzələn deyil, yuxarıdan korlana-korlana gedir, bunu görürsünüz. Ölkədə biznes şəraiti olmadığına görə, azad məhkəmə olmadığına görə, aşağılardan media orqanı yaratmaq cəhdləri uğurlu alınmayacaq. Yaxşı layihələr var. Tanıdığım neçə gənc maraqlı web layihələrinə başlayıb. Yardım olmayıb. Asif Eminov bir neçə belə layihə başladı, kömək eləyən olmadı, bezdi, çıxdı getdi. Kanal13 və Abzas.net düz yola çıxmaqda idi, qarşısında çoxlu əngəllər yaratdılar. Hökumət yol çəkməlidir, yol kəsməli deyil.

Bu cür layihələrə vətəndaşlar maddi dəstək verməlidirlər. Qonşumuz ermənilərdən fərqli olaraq, tarixən bizdə ümumi problemlərin həlli üçün adi adamların maliyyə toplaması ənənəsi yoxdur. Bu üzdən az-çox uğurlu layihələr dövrümüzdə beynəlxalq təşkilatların köməyi ilə gerçəkləşir. Bu, yaxşı çıxış yolu deyil, ancaq Azərbaycanda trolların qələmə verdiyi kimi təhlükə də deyil. Redaksiyası Tiflisdə yerləşən “Chai-Khana”-dan xəbəriniz olar. Beynəlxalq təşkilatlar, xüsusən Böyük Britaniya yardım edir. Peşəkar jurnalistlər cəlb ediblər. Bu layihəni regionun qadın hüquqları platformasına çeviriblər. Sənədli filmlər, reportajlar hazırlayırlar. Nəyi pisdir ki? Niyə imkanı ola-ola Azərbaycan belə peşəkar regional media layihələri yarada bilmədi? Çünki media haqqında təsəvvürü arxaikdir.

– Azərbaycan jurnalistləri istər müxalif, istərsə də hökümətyönümlü olsun, mütəmadi beynəlxalq media təlimlərində iştirak edir. Ancaq yenə də media etikası məsələləri, xəbərlərin işlənilməsi, istinad mədəniyyəti, tərəfsizlik, balanslaşdırma kimi jurnalistika peşəsinin tələblərinin çoxuna pis əməl olunur. Sizcə təlimlər boşamı gedir, ya jurnalistlər media etikasını bilir, ancaq onlara əməl etməyə ölkədəki jurnalistika mühiti imkan vermir?

Jurnalist Rövşən Əliyev Çexiyada

 – Azərbaycanda jurnalistlərin savadsızlıq problemi yoxdur, qeyri-peşəkarlıq problemi yoxdur, redaktorların zombiləşdirilməsi problem var. Media menecmenti problemi var. Media siyasətinin düzgün qurulmaması problemi var. Əgər bir media orqanında bir müxbir nəyisə bilmirsə, səhv bilirsə, treninqlərlə həll eləmək olur. Treninqlərdə gəldiyim nəticə odur ki, jurnalistlər xəbəri, reportajı necə hazırlamağı bilirlər. Bilmədikləri məqamları həvəslə öyrənirlər. Problem ondadır ki, iş yerində, xüsusən ana axın mediasında onlardan peşəkarlıq, obyektivlik tələb olunmur. Onlardan bunun əksi tələb olunur. Təlimlərin bir müsbət cəhəti də var. Jurnalistikanın ayrıca bir sahə olması fikrini adamlara aşıladı. Həm auditoriya, həm siyasətçilər, həm jurnalistlər elə bilirdilər ki, jurnalistika yardımçı sahədir. (Bir haşiyə çıxım ki, bizdə universitetdə jurnalistika bir bölmə kimi filologiya fakültəsinin nəzdində yaranıb, Kommunist Partiyasını təbliğ eləmək yollarını öyrədib.) Bu təlimlərin ən böyük nəticəsi odur ki, artıq gənc jurnalistlərimizin xeylisi özlərini hakimiyyətdəki, yaxud müxalifətdəki siyasətçilərin köməkçisi saymırlar, hansısa ideologiyanın təbliğatçısı saymırlar.

“Meydan TV-nin tərəfkeşliyi pozuntu deyil, ancaq İctimai TV-nin, AzTV-nin tərəfkeşliyi pozuntudur”

– Təkcə ölkədə deyil, ölkədən kənarda fəaliyyət göstərən və beynəlxalq media statuslu bəzi media qurumlarının da işində uğursuzluqlar olur. Məsəlçün, Meydan TV bəzən hökümət məmurları (misalçün, Abel Məhərrəmovla bağlı) haqda şaiə sayılan xəbərləri də yayır. Sizcə, siyasi mübarizə vasitəsi kimi mediada istifadə edərkən media səhv etməyə daha yönümlümü olur? Ya da bizim ölkə nümunəsində nələrə əməl olunmur?

Əsasən mühacirə Azərbaycanlı jurnalistlərin qurduğu Meydan TV ölkədəki informasiya boşluğunu doldurur.

 – Meydan TV-də həmişə tənqid elədiyim əsas məqam budur. İki iş bir araya sığımır: ya gərək hadisəni törədəsən, ya gərək işıqlandırasan. Bir siyasətçinin işi aksiya keçirmək, tədbirlər təşkil eləmək, hadisə törətməkdir. Bir jurnalistin işi bunu işıqlandırmaqdır. Ancaq istər siyasətə, istər jurnalistika ilə məşğul olmaq pis bir şey deyil. “Meydan TV” özəl olduğundan siyasətlə məşğul olmağı qadağan eləmək də mümkün deyil. Qərbdə ictimai TV-lərin, büdcədən maliyyələşən, yaxud yardım alan medianın birbaşa siyasi fəaliyyətlə məşğul olması, tərəf tutması qadağandır. Məsələn, BBC istər İraq müharibəsində, istər Brexit məsələsində, istər seçkilərdə neytral qalmağa borclu idi və elə elədi. Ancaq başqa medialarda bu, zövq məsələsidir, daxili qərarlarla olur. Bircə əmması var ki, siyasi tərəf tutan media öz prestijinə zərbə vurur. “Reuters” özəl mediadır, ancaq onun tərəf tutduğunu, aksiya keçirdiyini görməzsiniz.

Böyük Britaniya qəzetlərinin bir qismi özünü “Brexit”in qatı tərəfdarı kimi apardı. Məsələn, konservativ “Daily Mail”. Düzdür, bu qəzetin baş redaktoru dəyişəndən sonra qatı tərəfdarlıqdan yumşaq tərəfdarlığa keçdi.

Söz düşmüşkən, Oksford Universiteti yanında “Reuters” jurnalistikanı öyrənmə institutu Brexit zamanı medianın özünü necə aparmasını analiz eləmişdi. Kampaniyanın ilk iki ayı qəzetlərdə çıxmış 1000-ə yaxın məqaləni incələyən institut yazıların 45 faizində Brexit tərəfdarlığını, 29 faizində əleyhdarlığını üzə çıxarır.  Bu instituta görə, “The Times” qəzeti istisna olmaqla, bütün qəzetlər Brexitdə tərəf tutublar. Çıxmaq tərəfdarları: “Daily Express”, “Daily Star”, “The Sun” və “Daily Telegraph”, qalmaq tərəfdarları: “Daily Mirror”, “The Guardian” və “Financial Times”.

Burdan çıxaracağımız iki nəticə var. Beynəxalq praktika göstərir ki, dövlətdən maliyyə alan media inkluziv olmalıdır, cəmiyyətdəki müxtəlif baxışları əks etdirməlidir. Özəl media özü bilər, ancaq bu, prestij məsələsidir. Balanslı media daha sanballı sayılır. Meydan TV-nin tərəfkeşliyi pozuntu deyil, ancaq İctimai TV-nin, AzTV-nin tərəfkeşliyi pozuntudur.

 – Bir müddət Azadlıq Radiosunda da çalışdığınız bilinir. Bu qurum bir zamanlar ölkədə ən mötəbər media qurumu idi və əksər müstəqil media qurumları ondan yararlanırdı. Yerli ofisi bağlandıqdan və saytı ölkəmizdə bloklandıqdan sonra demək olar ki, oxucularının əksəriyyətini itirdi, işçilərini kütləvi ixtisara saldı. Ancaq bu halı məsələn “MeydanTV”  ya da “Azadlıq” qəzetinə” aid etmək olmaz. Sizcə Azadlıq Radiosunun içinə düşdüyü böhran nəylə bağlıdır? Siz bu böhranın kökünü şüurlu şəkildə geri addım atma, yoxsa pis idarəçilikdə görürsünüz?

– Azadlıq Radiosunun böhrana düşdüyünü doğru qeyd eləyirsiniz, ancaq böhrana bir günün içində düşməyib. Bakı bürosunun bağlanması, saytının bloklanması səbəb deyil, Meydan TV-nin də orda bürosu bağlanıb, saytı bloklanıb. Jurnaistikada peşəkarlığın bir qızıl qaydası var: heç bir siyasətçi ilə gizli əməkdaşlıq eləməyəcəksən. Ümmiyyətlə, gizli əməkdaşlıq eləməyəcəksən. Azadlıq Radiosunun Azərbaycan xidmətinə rəhbərlik eləyənlər bu qaydanı dəfələrlə pozublar, radionun yuxarı menecerləri bunu aşkarlaya bilməyiblər. Abbas DjavadiKənan Əliyev Azərbaycan hökuməti ilə danışıb aldıqları 24 saatlıq FM tezliyi müqabilində radionun öz dalğasından vaz keçdilər. (Azərbaycanda radioya məxsus ötürücü stansiya vardı.) Yəni öz evini satıb hökumətin binasında kirayə tutmaq kimi bir avantüraya getdilər, radionun menecerləri də bu addımı böyük bir qəhrəmanlıq saydı. İstənilən büdcə təşkilatında iş görsənişi yaradan adamlar. Göstərməçilər həmişə asanlıqla yuxarı dırmaşa bilir, Azadlıq radiosunda  da elədir. Bəs deməzsənmi, filankəsin oğlu Əli Həsənovla danışa bilib. Həmin FM-i məsələn, BBC kimi obyektiv xəbərləməyə yönəltsəydilər, bəlkə də bu əməkdaşlıq bir az uzunömürlü ola bilərdi. Sonra bu FM stansiyasından Rəsul Quliyevin, guya Azərbaycanın başı üstündə fırlanması barədə feyk xəbər yayıldı,  nə bilim,  büro Əli Kərimlinin təsirinə məruz qaldı. Belə qeyri-peşəkarlıqlar çox oldu. Daha sonra Amerika səfirini ölkədaxili siyasi mübarizədə tərəf tutmağa cəlb eləmək  cəhdi ilə efirə çıxardılar. Bu gedişlər pis nəticələnəcəkdi, sonda Moskvanın istəyinə uyğun olan Özbəkistansayağı bir media mühiti yaradılması ilə nəticələnəcəkdi. Bunu qabaqcadan gördüm, bloqumda yazdım, Facebookda yazdım. Təəssüf ki, elə də oldu. Avantürist, qeyri-peşəkar idarəçilik geridən müxalifətçi kimi görünürdü, ancaq nəticədə avtoritar hakimiyyətin işinə yaradı. Peşəkar təhlil zamanı şəxsi keyfiyyətlərdən söz salmazlar. Ancaq şəxsi keyfiyyətlər peşəkar mühiti pozur, ona görə danışmasam, fikir yarımçıq qalacaq.

Azadlıq Radiosunun Azərbaycan bürosunun rəhbərlərindən biri olmuş Abbas Cavadi

Azadlıq Radiosunun indiki kiçik menecerlər və redaktorlar korpusunu formalaşdıran Abbas Djavadi jurnalistikadan uzaq bir adamdır. İran şahının tərəfdarlarından olub. Reportyorluq, redaktorluq mərhələlərini keçməyib, yayım arealında jurnalistlik eləməyib. Bir nazirlə müsahibə götürmək üçün Praqadan təyyarəyə minib Bakıya gələn adamdır. Əgər o boyda büron varsa, bürodan bir nəfərə etibar eləyib müsahibə almağa göndərə bilmirsənsə, deməli işi yaxşı qurmayıbsan. Hökumətdən 24 saatlıq FM almaq radionun peşəkarlıq prinsipləri ilə ticarət hesabına başa gəlmişdi. Məsəl üçün, radioda peşəkar araşdırmaçılıqla mşğul olan Askold Kruşelnitski 2006-c ildə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Avropadakı əmlaklarının sənədlərini üzə çıxarmışdı. Onun yazdığını Djavadi yayımlamağa imkan vermədi. Redaksiyaya göstərişlərində azərbaycandakı etirazları işıqlandırmağı məhdudlaşdırmağa  yönələn təlimatlar verirdi. Ziddiyyətli məsələləri işıqlandırmaq lazım gələndə efir vaxtına az qalmış öz səlahiyyətini bir-iki saatlığa başqasına verirdi ki, sonra bir problem çıxsa məsuliyyət daşımalı olmasın.  Çünki nəyi necə işıqlandırmağın qaydalarını bilmirdi. Bu cür menecerin formalaşdırdığı redaktor heyəti xəbər mediasını aparıcı mövqeyə çıxara bilməz. Bir təşkilat insana ona görə səlahiyyət verir ki, sabitliyi təmin eləyib işi irəlilətsin. Sabitliyi təmin eləmək bəhanəsi ilə iş görənləri sıradan çıxarmaq, göstərməçiliklə məşğul olan qeyri-peşəkarları irəli çəkmək, təbii təşkilatı iflasa aparar.

İndi də amerikalılar Orta Asiya yayımlarının taleyini Djavadiyə tapşırıblar və o da durub tarix söhbətləri proyektinə başlayıb. Bu böyük bir provakasiyadır, zurnanın səsi sonra çıxacaq. Xəbər mediası belə işlərlə məşğul olmamalıdır. Bu barədə vaxtım olsa ayrıca danışacam.

 – Hakimiyyət nümayəndələrinin sosial şəbəkələri bağlamaqla bağlı müzakirələri mütəmadi hal alıb. Sosial medianın Azərbaycan cəmiyyətində rolu sizcə şişirdilirmi? Sosial media cəmiyyəti fəallaşdırır, yoxsa bu yolla onu daha asan idarə edirlər? Ölkədə sosial medianın bloklanması nə dərəcədə realdır?

 – Sosial media ona görə mövcuddur ki, peşəkar media yoxdur. Ana axın mediası daş dövründən qalıb, adamlar 21-ci əsrin texnologiyası ilə yaşayırlar. Yenilik çay kimidir. Onun gəlişinin qarşısını bir müddət almaq olar, nə qədər çox alsan onun gəlişi bir o qədər dağıdıcı olacaq. Osmanlı çap maşınlarının qarşısını 200 il almasaydı, elə fəlakətlə dağılmazdı. Çayın qabağında nə qədər çox, nə qədər möhtəşəm bənd tiksən, bir o qədər guppultu ilə çökərsən.  Çaydır, gəlib, qoy özü üçün axsın. Suyundan yararlan, mənzərəsindən zövq al.

 – Bu yaxınlarda KİV-ə dəstək fondu aztirajlı qəzetlərə yardımı kəsəcəyini bildirdi. Bu qəzetlərin çoxu bir vaxtların çoxtirajlı qəzetlər idi. İndi hökümətyönümlü media qurumları oxucu və tamaşaçı tapa bilməməkdən şikayətlənirlər. Sizcə bu böhran hara kimi inkişaf edə bilər. İnsanlar günlərin bir günü hökümətə məxsus TV və qəzetlərdən tamam imtina edə bilərlərmi?

 – Azərbaycan hakimiyyəti neçə ildir ki, bir yığın “moşennik” redaktorla, media bilicisi ilə evcik-evcik oynayır. Guya, bizi gözü götürməyən beynəlxalq qüvvələr var, dünyada informasiya savaşı gedir, bunlara pul vermək lazımdır ki, həmin savaşdan qalib çıxaq. İndi görünür, hakimiyyət öz evcik-evcik oyunundan bezib, yaxud görür ki, evciklər yaman çoxdur. İnanmıram ki, bu ixtisarlar təfəkkür dəyişikliyi ilə bağlıdır.