“Şərq Tərəfdaşlığı” İndeksi: Ölkələrin reytinqi açıqlanıb [infoqrafika]

Ukrayna və Gürcüstan demokratik islahatlar və avrointeqrasya üzrə “Şərq Tərəfdaşlığı” ölkələri arasında liderdir.

Fevralın 26-da “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun Brüsseldə təqdim etdiyi “Şərq Tərəfdaşlığı -2017 İndeksi”ndən belə məlum olur, DW müxbiri bildirib.

“Ümumilikdə “Şərq Tərəfdaşlığı”na daxil altı ölkə haqda danışırıqsa təəssüf ki, islahatların lazımi şəkildə irəlilədiyini deyə bilmərik. Ancaq nikbinlik üçün əsas və bəzi uğurlar var”, – Litvanın Aİ-dəki daimi nümayəndəliyindən Anastasiya İsmayılova qeyd edib.

Əsasən demokratiyanın səviyyəsi ilə bağlı ən pis göstəricilər Belarus və Azərbaycandadır. Ukrayna və Moldova biznes mühitə görə geri qalırlar.

İndeks iki meyarı əhatə edir. Birincisi, Aİ ilə yaxınlaşma. Bu, hər ölkənin Aİ normalarını və beynəlxalq standartları necə qəbul etdiyini əks etdirir.

Burada lider Ukraynadır (indeks 0,73). Onun ardınca Ermənistan (0,66), Moldova (0,65), Gürcüstan (0,64), Azərbaycan (0,56) və Belarus (0,52) gəlir.

Bu meyar bu və ya digər ölkələrdə demokratiyanın səviyyəsinin beynəlxalq standartlara nə dərəcədə uyğun olduğunu, Aİ normalarının necə tətbiq edildiyini və ölkələrin davamlı inkişaf məqsədinə necə nail olduğunu ortaya qoyur.

İlk iki göstərici üzrə Ukrayna liderlik edir. Davamlı inkişafda isə birinci yerdə Azərbaycandır.

İkinci kateqoriya hər bir ölkənin Aİ ilə nə dərəcədə sıx kontaktda olduğunu göstərir. Söhbət hökumətlər arasında, iqtisadi və vətəndaşlar arasındakı əlaqələrdən gedir. Burada birinci yerdə Gürcüstan və Moldova gəlir – indeks 0,71. Sonra Ukrayna (0,66), Ermənistan (0,50), Azərbaycan (0,47) və Belarus (0,45) gəlir.

“Şərq Tərəfdaşlığı” proqramı iştirakçısı olan və Aİ üzvü ölkələrindən vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirən Forum belə indeksi 2011-ci ildən dərc edir.

“Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə Aİ tərəfindən Brüssel ilə fəal əməkdaşlıq edən altı Şərqi Avropa ölkəsi üçün nəzərdə tutulub.