Serj Sarkisyanın qardaşı dövlətə 18,5 milyon dollar qaytardı

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə ictimaiyyət qarşısında çıxışı zamanı Serj Sarksyanın qardaşı Aleksandr Sarkisyana üz tutaraq hədə-qorxu ilə ələ keçirdiyi pulları dövlətə qaytarmaq çağırışı etmişdi.

Ermənistanın üçüncü prezidenti Serj Sarksyanın qardaşı Aleksandr Sarksyan dövlət büdcəsinə 18,5 milyon dollar qaytarıb. Bu haqda məlumatı “Lragir.am” qəzeti baş nazirin mətbuat katibi Vladimir Karapetyandan dəqiqləşdirib.

Qəzet yazır ki, Aleksandr Sarksyan Ermənistan parlamentinin keçmiş deputatıdır, ancaq o daha çox məşhur iş adamı, biznesmen kimi tanınıb, media onun tez-tez ölkədəki böyük şirkətlərdən “pay almaq” əməllərini işıqlandırırmış.

Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndən sonra ölkənin keçmiş başçıları və onların ətrafları haqda rüşvətxorluq, çirkli pulların yuyulması, vergidən yayınma kimi cinayət işləri başlanıb. Bu sıraya Sarksyanın qardaşı da aiddir. Onun bank hesablarının birində 30 milyon dollar olduğunu prokurorluq ortaya çıxarmışdı, onun bank hesabı dərhal bloklanmışdı. Paşinyan isə bu yaxınlarda çıxışında həmin məbləği dövlətə qaytarmağa səsləmişdi.

2018-ci ilin iyulunda isə Aleksandr Sarksyanın evində axtarış aparılıb. O polisə aparılıb. Onun oğlu Narek Sarksyan isə ölkədə olmadığı üçün haqqında interpol xətti ilə axtarış elan olunub, Narek Sarksyan 2018-ci ilin dekabırında interpol tərəfindən Praqada qanunsuz silah və narkotika saxlamaqda ittiham olunaraq həbs edilib.

Aleksandr Sarkisyan bank hesabı haqda xəbərlər çıxdıqdan sonra hesabının blokdan azad edilməsi qarşılığında hesabındakı pulu hökümətə təhvil verəcəyini demişdi. Dünən Sarksyan həqiqətən də hökümətə pul ödəyib, amma hesabındakı pulun yarısından çoxunu, belə çıxır o pulun yarısını özündə saxlayıb.

Xatırladaq ki, bundan iki gün öncə Serj Sarsyanın yaxın silahdaşı, hal-hazırda həbsdə olan Robert Koçaryanın oğlu Sedrik Koçaryan Ermənistanın Milli Təhlükəsizlik Agentliyinə çağırılmış, ondan ifadə alınmışdı. Ona qarşı vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb.