Serj Sarqsyan istintaqda 5 saat dindirilib

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2008-ci il martın 1-dəki hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsində 5 saat ifadə verib.

Bu barədə “Armtimes” şəxsi mənbələrinə əsasən məlumat yayıb. Onun bu işlə bağlı istintaqa yenidən çağırılacağı da vurğulanıb.

Bir neçə gün əvvəl Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan eks-prezidentin ifadə vermək üçün quruma çağırılacağını bildirmişdi.

Serj Sarkisyan 2008-ci ilin fevral ayında keçirilən prezident seçkilərində namizəd olub. O vaxt Ermənistanın Mərkəzi Seçki Komissiyası onun 52,8 faiz səs topladığını elan etmişdi.

2008-ci il prezident seçkilərində Sarkisyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana qalib gəldiyi bildirilmişdi.

Həmin ilin martın 1-də səsvermənin nəticələrinə etiraz edənlərə qarşı güc tətbiq olunmuş, 10-dan çox müxalifətçinin öldüyü açıqlanmışdı.