Sivilizasiyanın nəhəng sıçrayışı…

First Man filmindən foto

Yanımdan adamlar keçir,

Ay işığı nə vecinə?

Burax məni, Ay işığı,

Gedim işimə-gücümə.

Ramiz Rövşən

Uşaq vaxtı (təxminən 7-8 yaşımda) sinfimizdə sorğu keçirilirdi: “Böyüyəndə hansı peşəni seçəcəksiniz?”.

Sinfin bir yarısı sualı, “icra hakimi”, digər yarısı isə “prokuror” deyə cavablandırdı. Yalnız, sinif yoldaşım Rafael bir xeyli tərəddüddən sonra “atam kimi taksi sürəcəm” dedi. Mən isə düşünmədən “kosmonavt olacam” söylədim və sözlərim sürəkli gülüşməyə səbəb oldu.

Kosmonavt ola bilmədim, fəqət, astronavtlar, qalaktikalar, kosmik ənginliklərlə bağlı filmlər, yazılar, məqalələr məndə həmişə böyük maraq yaradıb. Bu mövzu ilə əlaqədar son dövrlərdə oxuduğum yazıları (Herbert Uells, Ayzek Azimov, Rey Bredberi), baxmaq imkanı əldə etdiyim bəzi kinofilmləri xatırlayıram: “İnstellar”, “Marslı”, “Qravitasiya”. Dünən isə başqa bir filmə baxdım. Baş rolunda Rayan Qoslinqin çəkildiyi, rejissor Demyen Şazelin filmi (First Man) əfsanəvi astronavt Nil Armstronqun həyatından, onun Aya qeyri-adi səyahətindən bəhs edir.

Filmdəki epizodlardan, süjet xəttindən, obrazlardan ətraflı bəhs edib marağınızı azaltmaq fikrim yoxdur. Yalnız mövzu ilə əlaqədar bəzi əlavələrim var. Bildiyiniz kimi, kosmik fəzanı ilk dəfə Sovet İttifaqı fəth etdi. Yuri Qaqarin fantastik ideyaların, ağlasığmaz xəyalların gerçəkləşə bilmə simvoluna çevrildi.

Dünya intizar içərisində qaldı. Görəsən ABŞ buna nə ilə cavab verəcək?! Qarşıya, ilk baxışda mümkünsüz görünən tapşırıq qoyuldu. Və insan oğlu, bəni-Adəm övladı başqa bir fəza cisminin üzərinə endi, “Apollon 11” kosmik gəmisinin astronavtı Nil Armstronq digər astronavtlar Bazz Oldrin və Maykl Kolinzlə birgə Ayın səthinə ayaq basdılar.

Ayın Yerlə etdiyi gizli söhbətlər, onun qabarma-çəkilmələri, uzunsov, bananvari yarımdairəsi həmişə qəribə, sirli təsəvvürlər yaradıb. Təbii peykin yuyucu toza oxşayan narın qumu, suçiçəyindən yenicə qurtulmuş üzü xatırladan çopur səthi, cansız boz relyefi də insanlarda hədsiz maraq doğurur.

Aydakı ağırlıq qüvvəsi yerdən 6 dəfə azdır. Ay orbitinə iki astronavt endirmək, sonra onları gəmiyə, ən sonda isə Yerə qaytarmaq o dövr üçün çox çətin (demək olar, mümkünsüz) məsələ sayılırdı. Bu isə istər-istəməz bəzi şübhələrə yol açırdı.

Bəs amerikalılar Ayda olublarmı? Bu missiyanı baş tutmuş hesab edənlərin dəlillərinə görə:

1. Bu cür nəhəng saxtakarlığın gizli saxlanılması olduqca çətindir.

2. Saxtakarlığın aşkar olunması ABŞ-ın nüfuzuna ciddi zərbə endirər.

3. Ay səthinə edilən səfərlərin izləri qalmaqdadır.

4. Ən ciddi rəqib, Sovet İttifaqı belə, bu enişin baş tutmasını qəbul edib.

Əks arqumentlər də kifayət qədər tutarlı hesab etmək olar:

1. Amerika bayrağını külək sanki dalğalandırır, amma bu mümkün deyil.

2. Bəzi fotoşəkillərdə şübhəli kölgələr müşahidə olunur. Bunun süni olaraq edilməsi təəssüratı yaranır.

3. Ay missiyası zamanı gətirilmiş qrunt nümunələri sirli şəkildə yoxa çıxır.

Əlbəttə, hər iki tərəfin dəlillərini bir xeyli artırmaq da olar. Amma, mən bu yazıda mübahisələri və şübhələri bir kənara qoyuram. Çünki, səfərin baş tutmasına, amerikalıların möhtəşəm uğuruna qəti şəkildə inanıram.

Vüsal Bağırlı

Mürəkkəb təkamül prosesinin bəlli həddinə çatmış, şüur, təfəkkür əldə etmiş, ətdən, qandan, toxumadan ibarət ikiayaqlı canlı varlığın başqa bir göy cismində addımlaması insanda həyəcan, ruh yüksəkliyi və ümid yaradır. Skafandr geyinmiş astronavtlar kraterli boz düzənlikdə kenquru kimi atılıb-düşürlər. Bu həqiqətən də, sivilizasiya, bəşəriyyət üçün inanılmaz uğurdur.

Filmin ən təsirli anlarından biri, Ay səthində dayanmış Nilin dünyasını dəyişmiş balaca qızını, ona səmada bu təbii peyki göstərməsini xatırlaması epizodudur. O, qızının kiçik qolbağını bir xatirə olaraq Ay səthinə buraxır.

Ayağını ilk dəfə Ay səthinə basan Armstronq, “Bu insan üçün kiçik addım, sivilizasiya üçün isə nəhəng sıçrayışdır” söyləyir.

Nil Armstronq 2012-ci ildə vəfat edir. Onun ailəsi tərəfindən nekroloq kimi dərc edilmiş bəyanatda deyilir:

“Armstronq öz ölkəsinə qürur və vicdanla xidmət etmiş, tədqiqatçı, qırıcı-təyyarəçi və astronavtdır. O, bir qəhrəmandır. Axşamlar küçəyə çıxıb gülümsəyən Ayı seyr edərkən siz Nil Armstronqu düşünür və ona göz vurursunuz”.

Vüsal Bağırlı