Siyasi işlərə çıxan vəkilin fəaliyyəti dayandırılıb – Yalçın İmanov nə ilk, nə son deyil

Yalçın İmanov

Fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun işi üzrə yekun qərar çıxarıb. Vəkil Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Yalçın İmanov Novator.az-a deyib ki, məhkəmə onun vəkillik fəaliyyətinə xitam verib. Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına üz tutacağını bildirib.

Yalçın İmanov 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olub. Kollegiyanın Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi işinə ötən il fevralın 21-də baxmağa başlayıb.

Hazırlıq iclasında Yalçın İmanov Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddia verib, ancaq iddia icraata götürülməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.

Hüquqşünas həmçinin müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddiaya baxmaqdan imtina edib.

Fevralın 14-ü Gəncə İnzibati-İqtisadi Məhkəməsi ötən ildən yarımçıq qalmış prosesi davam etdirməyə başlayıb. Yalçın İmanov həmin prosesdə vəsatətlər qaldırıb. Hüquqşünas Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının indiyə qədər ona təqdim olunmadığını bildirib və qərarın surətinin Vəkillər Kollegiyasından tələb edilməsini istəyib.

Başqa bir vəsatətində Yalçın İmanov qeyd edib ki, Rəyasət Heyəti onunla bağlı qərar qəbul etməzdən qabaq Vəkillərin İntizam Komissiyasının verdiyi rəyi dəyişdirib. Onun sözlərinə görə, İntizam Komissiyası rəyi 2017-ci il sentyabrın 9-da verib.

Rəydə bildirilib ki, vəkilin intizam pozuntusuna yol verdiyi müəyyən edilməyib. Lakin həmin rəy sonradan dəyişdirilib və məhkəməyə vəkilin intizam pozuntusuna yol verdiyi barədə rəy təqdim edilib.

Yalçın İmanov komissiyanın 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş variantının Vəkillər Kollegiyasından tələb olunmasını və məsələnin məhkəmə qaydasında araşdırılmasını istəyib, eyni zamanda rəyi dəyişdirənlər barədə xüsusi qərardad çıxarılmasını xahiş edib.

Hüquqşünas onun intizam işinə baxılarkən İntizam Komissiyasının üzvü olmuş şəxslərin məhkəməyə çağırılaraq şahid qismində dindirilməsini də istəyib.

Vəsatətlərin heç biri təmin edilməyib.

Xatırladaq ki, Azərbaycanda siyasi işlərə çıxan vəkillərə qarşı Vəkillər Kollegiyasının siyasi işlərə çıxan, siyasi məhbusları müdafiə edən vəkillərə qarşı repressiv addımları artıq ənənə halına gəlib.

Bundan öncə siyasi işlərə çıxan Əsabəli Mustafayev, Əlayif Həsənov, Xalid Bağırov, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Fəxrəddin Mehdiyev, Nemət Kərimli Vəkillər Kollegiyası tərəfindən bənzər addımlarla üzləşiblər.