Spiker deputatlara əsəbiləşdi: Heç kimi zorla deputat etməyiblər

Oqtay Əsədov deputatların günün ikinci yarısında iclasa qatılmaması və telefonun səsini almaması ilə bağlı xəbərdarlıq edib

“Heç kim kimdənsə artıq deyil. Heç kimi zorla deputat etməyiblər. Bu, bizim birinci iş yerimizdir. Bu, nə saymazlıqdır, günün ikinci yarısı deputatları iclasda tapmaq olmur”.

Parlamentin sədri Oqtay Əsədov deputatlara iradını belə bildirib. O, parlamentin yaz sessiyasının ilk iclaslının günün ikinci yarısında davam edən hissəsində deputatların sayının azalmasına etirazını bildirib. Deputatlara xəbərdarlıq edən spiker hamını işində diqqətli olmağı tapşırıb:

“Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar?”

Deputat zalda əyləşən deputatların telefonlarına zəng gəlməsinə də iradını bildirib:

“Ay millət vəkilləri, girmisiz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”