Sumqayıtda AXCP üzvləri saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının beş üzvü bu gün Sumqayıtda saxlanılıb.

AXCP üzvü Turan İbrahimin “Abzas.net”-ə verdiyi məlumata görə, partiya üzvləri Sumqayıt Apellyasiya Məhkəməsinin binası qarşısında saxlanılıblar. Belə ki, məhkəmədə partiyanın Şamaxı şöbəsinin rəhbəri, bundan öncə 30 sutkalığa həbs olunmuş Zahir Məmmədlinin işinə baxılırmış.

Fəallar Elnur Həsənov, Elvin Maqsudlu, Mahir Rüstəmli, Hidayət Rəsulzadə və Elman Ağayev Sumqayıt Polis İdarəsinə aparılıblar.

Z.Məmmədlinin şikayəti təmin olunmayıb.

O, fevralın 5-də Şamaxıda saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə 30 sutka həbs edilib.

AXCP-dən bildirilib ki, müxalifətin 19 yanvar mitinqindən öncə və sonra partiya fəallarına təzyiqlər artıb. 50-dən çox adam saxlanmaya, inzibati cərimələrə və həbslərə məruz qalıb.

Hakimiyyət vətəndaşların siyasi motivlərlə təqib olunmasını inkar edir.