Xalid Ağaliyev: “Vəkil sayına görə Azərbaycan Avropanın ən geridə qalan ölkələrindəndir”

Hüquqşünas Xalid Ağaliyev əsasən media hüququ sahəsində çalışır. O ‘Abzas’ saytına ölkədəki vəkil qıtlığının səbəblərindən, siyasi işlərə çıxan vəkillərə qarşı repressiyalardan və Avropa İnsan Haqqları Məhkəməsinə müraciət yollarından bəhs edir.

 – Xalid bəy, azərbaycanda vəkil qıtlığı haqda artıq dəfələrlə danışılıb. Bu qıtlığın səbəbi nədir? Vəkillik cəlbedici deyil, yoxsa vəkil olmaq üçün hökümətin yaratdığı maneləri aşmaq lazım gəlir?

 – Bunun müxtəlif səbəbləri var. Azərbaycan əhali sayına düşən vəkil sayına görə, Avropanın ən geridə gələn ölkələrindəndir. Məncə, bu, başlıca olaraq vəkil olmaq prosedurunun ciddi problemli olmasından qaynaqlanır. Vəkilliyə test mərhələsi belə problemsiz deyil. İmtahanlar üçün testlərin seçilməsi ilə bağlı aydın və dəyişməz meyarlar olmalıdır. Vəkilliyə gedən yolda şifahi imtahan əsas baryerdir, imtahan verənin vəkil ola bilib-bilməməsi birmənalı olaraq, bu imtahanı götürənlərdən asılıdır. Hüquqda 100 minlərlə sual var, heç kim, o cümlədən imtahanı götürənlər belə o sualların hamısının cavabını bilə bilməz. Bu da hər hansı iddialını rahatlıqla vəkillikdən kənarda tutmağa imkan verir. Digər səbəb vəkil biliyinin, bacarığının gərəkli qiyməti ala bilməməsi ola bilər. Bu gün Azərbaycanda ədalətli məhkəmə araşdırması hüququnun durumu elədir ki, vəkil biliyi, peşəkarlığı ədalətli, qanuni qərar çıxarılmasında demək olar ki, başlıca rol oynamır. Ona görə də vəkillik çalışmaq üçün müxtəlif alternativləri olan bilikli hüquqşunasları o qədər də cəlb etmir. Və bütün sadaladıqlarımızın çarəsi sözsüz ki, hökumətin əlindədir. Bu durumu görə ayrı-ayrılıqda Vəkillər Kollegiyasını, məhkəmələri günahlandırmaq da doğru deyil, durumu sistem, mühit doğub.

‘Vəkillərin sayının artırılması tapşırıqla, fərmanla olmamalıdır’

 – 2017-ci ildə prezidentin fərmanı oldu, vəkillərinin sayını artırmaq və zəruri həddə çatdırmaq, ondan sonra vəziyyət qismən də olsa düzəldimi? Sizcə bu vəziyyəti necə düzəltmək olar?

 – Belə sənədlər mövcud durumu dəyişmək gücündə deyil. Belə fərmanlar adətən mövcud vəkillik sisteminin daha da möhkəmləndirilməsinə xidmət edir. Vəkillərin sayının artırılması tapşırıqla, fərmanla olmamalıdır. Vəkillərin fəaliyyəti üçün əlverişli şəriat, hüquqi mühit yaradılmalıdır. Belə şərait var olduqda say və digər problemlər həlini rahatlıqla tapacaq. Vəkillik qanunvericiliyin islahat edilməsi faydalı ola bilər. Elə bir qanuni mexanizm olmalıdır ki, bir qrup vəkil özü kollegiya tipli birliklər təsis edə bilsin, bu birliklərin razılaşdırdığı mexanizmlə vəkilliyə qəbulu kimi məsələləri də ifadə etsin. Məsələn, Sumqayıt kimi iri şəhərimizdəki vəkillər hər hansı mərkəzdən asılı olmadan niyə özləri toplaşıb kollegiya təsis edə, öz qaydalarını hazırlaya, ora qəbul həyata keçirə bilməsinlər? Başqa təcrübələrdən də yararlanmaq olar. Bütün ölkədə vəkillik kimi vazkeçilməz önəmə sahib sahəni 3-5 nəfərin kontroluna vermək kimi təcrübədən əl götürmək lazımdır.

 – Adətən tez-tez çıxan xəbərlərdə eşidirik ki, siyasi məhbusları müdafiə edən vəkilləri sonradan vəkillər kollegiyasının qərarı ilə işindən uzaqlaşdırırlar. Vəkillər özləri öz haqqlarını müdafiə edə bilirlərmi? Vəkillərin şikayətlərinə heç kim baxmayanda hara müraciət edirlər bəs?

Vəkil Xalid Ağəliyev çıxış zamanı.

 – Bu, Azərbaycanda mövcud olan vəkillik sisteminin ən ciddi problemlərindən biridir. Davamlı olaraq səs-küylü siyasi məzmunlu məhkəmə işlərinə çıxan vəkillərin əksəriyyəti bu və ya digər formada cəzalandırılır. Təcrübə bundan ibarətdir ki, cəzalandırılan vəkilin geri dönüş imkanı yoxdur. Hüquqi imkanlar var, ancaq o imkanları reallaşdırmaq üçün şərait yoxdur. Yeganə effektiv vasitə beynəlxalq qurumlar, məhkəmələrdir. Cəza alan vəkillər bu alətdən istifadə edirlər. Ancaq bu da reallıqdır ki, Avropa Məhkəməsinin qərarları olsa da hələlik vəkilliyin bərpa edilməsi təcrübəsi yoxdur.

 – Avropa məhkəməsinə müraciətlə bağlı sadə xalqın bilmədiyi prosüdur qaydalar var, bəlkə məhz buna görə Azərbaycanda çox adam bu Avropa Məhkəməsinin adını eşitsə də ora şikayətə can atmır. Avropa Məhkəməsinə müraciət etmək üçün mütləq ingilisdilli vəkiləmi ehtiyacımız var, prosüduru bizə sadə şəkildə izah edə bilərsinizmi?

 – Ən yaxşısı o olardı ki, AİHM-ə getməyə gərək qalmasın, vətəndaş öz problemini milli məhkəmələrdə çözə bilsin. Ancaq daxili məhkəmələrin qərarları ilə razılaşmayan, onu ədalətli saymayan istənilən vətəndaş Avropa Məhkəməsinə şikayət edə bilər. Şikayət ancaq Avropa Konvensiyasi ilə qorunan hüquqların pozulmasından verilə bilər. İfadə azadlığı, mülkiyyət, seçki hüququ kimi əksər fundamental haqlar bu sıraya daxildir. Vətəndaş Azərbaycanda sonuncu məhkəmə instansiyasının qərarından sonrakı 6 ay içində şikayət etməlidir. Şikayət ana dilimizdə göndərilir, ingiliscə də göndərmək olar. İngilisdilli vəkil olmazsa-olmaz deyil. İngilis dili şikayətin araşdırılması mərhələsində önəm daşımağa başlayır. Bu zaman tərcüməçi xidmətindən də istifadə etmək və bütün bu xərcləri hökumətdən istəmək olar.

Avropa Məhkəməsi təcrübəsi belədir ki, bir neçə ayın və ya 1-2 ilin içində şikayətə baxılması qarantiyası yoxdur. Bu, illərlə davam edə bilər. Ola bilsin bu amil vətəndaşları AİHM-ə şikayət etməyə həvəsləndirmir. Digər tərəfdən AİHM təcrübəsini bilən vəkillərin sayı da o qədər çox deyil. Bu təcrübə hüquqçulara davamlı tədris edilmir. Avropa Şurası kimi qurumların marifləndirici treninq-təlimlərini isə gərəkdiyi qədər verimli saymayanlar var. Məsələn, bu qurumun ifadə azadlığı hüququ ilə bağlı vəkil-təlimçisi elə təlimlə eyni günlərdə ifadə azadlığından ola bilsin, aşırı istifadə etmiş bir tələbənin küçədə öldürülməli olmasını ictimai şəkildə təşviq etmişdi. AİHM-ə şikayət kimi mühüm hüquq müdafiə aləti bu kimi nüanslardan təbii olaraq təsirlənir.

 – İndiyədək hakimiyyət Avropa Məhkəməsinə müraciət edib haqqını arayanlardan qisas alıbmı? Ümumiyyətlə, avtoritar rejimlərdə yaşayan bir vətəndaş höküməti Avropa Məhkəməsinə verib qalib gələrsə, onun üçün bu işin hər-hansı riski olurmu? Vətəndaşlar tam əmin şəkildə Avropa Məhkəməsinə müraciət edə bilərlərmi yəni?

 – Hakimiyyətin AİHM-ə şikayət edənlərdən qisas almasını, bunun vətəndaşlar üçün risq yaratdığını söyləmək olmaz. AİHM-ə şikayət hüququnu dövlət Konstitusiya ilə vətəndaşa verib. Bu hüquqdan istifadənin risqi Konstitusiyada təsbit olunan digər haqlardan istifadənin risiqindən fəqrli deyil. Vətəndaşlar rahatlıqla AİHM-ə şikayət edə bilərlər. Ola bilsin ki, şikayətlər araşdırılan zaman hökumət şikayətçi ilə təmas qursun, ancaq bu, dostca anlaşmaq təklifi ola bilər. Bu da normaldır, əksər normal ölkələr belə edirlər, vətəndaşın AİHM vasitəsilə etdiyi tələbi yerində təmin edir, ölkə əleyhinə qərar çıxarılmasını önləmiş olurlar.

“İndiyə kimi böhtan və təhqirə görə cinayət məsuliyyəti ləğv edilməli idi”

 – Azərbaycan Avropa Məhkəməsinin qərarlarını nə dərəcədə yerinə yetirir? Statistika necədir?

 – Qəraların icrası bir neçə istiqaməti əhatə edir. Avropa Məhkəməsinin müəyyən etdiyi təzminatların ödənilməsində ciddi problem yoxdur. Müəyyən gecikmələrin olduğu haqda vəkillərin açıqlamaları var, ancaq gecikirsə, hökumət vətəndaşa təzminatı faizləri ilə ödəməli olur. Qərarların icrası demək olar ki, təzminatların ödənilməsi ilə bitmiş olur. Ancaq vətəndaşlar bu prosesi davam etdirə bilərlər, təkrar daxili araşdırma tələbi kimi addımlar ata bilərlər. Vətəndaşlar bu məsələdə təşəbbüskar olmalıdır. Digər tərəfdən AİHM-in bir çox qərarları tələb edir ki, hökumət bəzi qanunlara dəyişikliklər etsin. Məsələn, indiyə kimi normalda böhtan və təhqirə görə cinayət məsuliyyəti ləğv edilməli idi, hökumət bunu etməyib. Belə başqa nümunələr də var. Başlıca məsələ odur ki, Azərbaycanda qərarların icrası ilə bağlı vətəndaş cəmiyyəti nəzarəti demək olar ki, yoxdur. 6-7 il əvvəl əksər qərarların icrası həm də VC-nin diqqətində idi. Bu, daha böyük effekt verə bilirdi.