Abbas Lisani müdafiə çıxışını türkcə edib

Yanvarın 15-də Təbrizdə nəzarət altına alınan tanınmış türk fəal Abbas Lisaninin martın 10-da Ərdəbildə məhkəməyə çıxarıldığı bildirilir.

İnsan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinə istinadən, “qanunsuz qrup təşkili”, “rejimə qarşı təbliğat fəaliyyəti” və “əhalini silahlı mücadiləyə təhrik etmə” ittihamları ilə üzləşən siyasi fəal müdafiəsini türk dilində həyata keçirib.

Lisaninin həmçinin həbsxana forması ilə məhkəməyə çıxmaqdan imtina etdiyi bildirilir.

“Abbas Lisani həbsxanadan məhkəməyə aparıldığında həbsxana formasını geyməyi rədd edib. O, müttəhimin həbsxana forması ilə məhkəməyə çıxarılmasını onun insani ləyaqətinə hörmətsizlik olduğunu ifadə edib. Buna görə məmurlar onu əl-ayağı qandallı vəziyyətdə məhkəməyə aparıblar,” HRA bildirib.

Hazırda Ərdəbil Mərkəzi Zindanının 8-ci bölməsində nəzarətdə saxlanılan Lisani bir neçə həftə əvvəl də Təbriz Məhkəməsi tərəfindən 10 ay həbsə məhkum edilib.

Ərdəbildə yaşayan fəal keçən təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb. O, Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.