Ağ mərmərə bürünmüş Bakı və Aşqabat dünyanın yaşamaq üçün ən pis şəhərləri siyahısındadır

Beynəlxalq konsaltinq şirkəti olan Mercer hər il olduğu kimi bu il də dünya üzrə yaşamaq üçün ən rahat və həyat keyfiyyətinin yüksək olduğu şəhərlərin reytinq cədvəlini açıqlayıb.

Reytinq cədvəlinə görə həyat üçün ən yaxşı şəraiti olan şəhərlər siyahısının başında Avstriya paytaxtı Vyana gəlir, onun ardıncı İsveçrənin Sürix şəhəri, Kanadanın Vankuver şəhəri, Almaniyanın Münhen şəhəri, Yeni Zellandiyanın Oukland şəhərləri gəlir.

Siyahının sonlarında isə yaşamaq üçün ən pis şəhərlər göstərilib. Bunlar Sudan paytaxrı Xartum, Haitinin Port-o-Prens şəhəri, Yəmən paytaxrı Səna, Mərkəzi Afrika şəhəri Banqi və nəhayət dünyanın yaşamaq üçün ən pis şəhəri statusu İraq paytaxtı Bağdada verilib.

Qəribəsi odur ki, neft pullarının hesabına başdan-başa  mərmər və betona bürünmüş Azərbaycan paytaxtı Bakı siyahıda 195-ci yerdə,  ağ mərmərdən binaların miqdarına görə 2013-cü ildə Ginnesin rekordlar kitabına salınan Türkmənistan paytaxtı Aşqabad isə 211-ci yerdə dayanır.

Qeyd edək ki, həyat keyfiyyətinin reytinqinə görə şəhərlərin siyahısını hazırlayarkən ekspertlər ölkələrdəki siyasi stabilliyi, nəqliyyat sisteminin rahatlığı, kafe və restoranların, istirahət məkanlarının olmasını, təhsilin və səhiyyənin vəziyyətini, həmçinin iqlim şəraitini əsas götürüblər.