Azad Həsənova qarşı ifadə verən polis məhkəmədə tərlədi, dili dolaşdı

Azad Həsənov

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı Pərviz Rzayev ittiham aktını elan etdikdən sonra Azad Həsənov sərbəst ifadə verib.

O deyib ki, 2014-cü ildən Litvanın Vilnyus şəhərində yaşayıb. Atası onkoloji xəstə olduğuna görə, ayağını kəsiblər, sonra infarkt keçirib.

“Gördüm ki, ölüm ayağındadır. Fikirləşdim ki, sağ ikən atamı görüm. Anam öləndə onun yasına gələ bilməmişdim. 2018-ci il oktyabrın 11-də tələsik Bakıya gəldim. Atamla görüşdüm. Sonra xəstə dayıma baş çəkdim. Ordan məscidə günorta namazına getdim”.

Müsavatçı fəal ifadəsində bildirib ki, məsciddə namazdan sonra anasının qəbrini ziyarət edib. Onun sözlərinə görə, həmin gün saat 16 radələrində küçədə onu zorla maşına mindirib, Bakı şəhər Baş Polis İdarəsinə aparıblar.

“Orada qoluma qandal vurdular. Dedilər ki narkotik artıq sənin cibindədir. Mənim o narkotikdən xəbərim yox idi. Yəqin ki, Baş Polis İdarəsinin binasının qabağında qolumu burub başımı aşağı əyərkən bu narkotiki cibimə qoymuşdular”.

Azad Həsənov deyib ki, ömrümdə narkotik görməyib, heç siqaret də çəkə bilmir. Fəal bildirib ki, orada cibimə balaca bir şey atıqlarını görüb.

Fəal 19 yaşından Müsavat Partiyasının üzvü olduğunu  və həmişə müxalifətin aksiyalarında iştirak etdiyini deyib.

Məhkəmədə daha sonra Azad Həsənovun həbs edilməsi əməliyyatına rəhbərlik etmiş Bakı şəhər Baş Polis İdarəsinin əməliyyatçısı Elvin Kazımov ifadə verib.

O, oktyabrın 11-də Azad Həsənovun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı aldığını, əməliyyat qrupu yaratdığını və Suraxanı rayonunun Hövsan qəsəbəsində Azad Həsənovu həbs etdiklərini deyib.

Əməlliyatçı daha sonra vəkil Osman Kazımovun suallarına cavab verib:

 – O.Kazımov: Siz xəstəsiz?

 – Əməliyyatçı: Yox.

– Bəs niyə tərləmisiz?

 – Bura istidir.

 – Danışanda diliniz niyə dolaşır?

 – Mənim danışıq tərzim belədir.

 – Azad Həsənovu niyə Hövsan polisinə aparmayıb uzağa, BŞBPİ-yə apardınız? 

 – Çünki bu əməliyyat məlumata mənə daxil olmuşdu, öz iş yerimə apardım.

 – Siz niyə Hövsanda Azad Həsənovun saxlayarkən onun üzərində axtarış aparmadız?

 – Çünki orda şərait yox idi, hal şahidləri cəlb edilməli idi, vəkil cəlb edilməli idi.

 – Azad Həsənovun ailəsinə niyə məlumat vermədiz?

 – Özü dedi ki, ehtiyac yoxdur.

 – Siz Azad Həsənovun cibindən 3,5 qram narkotik tapdınızsa, niyə onun evində axtarış aparmadınız? Bəlkə evində 1 kilo geroin vardı?

 – Azad dedi ki, evdə yoxdur.

 – Siz də inandınız? Axı o, cinayətkardır?

 – Bəli inandım.

Daha sonra Osman Kazımov Azad Həsənovun əməliyyatçıya sualının olub-olmadığını soruşub.

Sual-cavab əsnasında məlum olub ki, əməliyyat qrupunun tərkibində bir nəfər mayor da olub. Amma nədənsə qrupun rəhbəri kimi baş leytenant Elvin Kazımov rəsmiləşib.

Azad Həsənov əməliyyata Elvin Kazımovun rəhbərlik etmədiyini bildirib.

“Mən həbs olunarkən maşında bir nəfər qabaqda sürücünün yanında oturmuşdu. Bir nəfər sağımda, iki nəfər isə solumda bir-birinin qucağında oturmuşdu. Bu adam bir-birinin qucağında oturan iki nəfərdən biri idi.”

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Azad Həsənov oktyabrın 11-də ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib.

Evinin yaxınlığında saxlanılan Azad Həsənov narkotika ittihamı ilə həbs edilib. Müsavat Partiyası Azad Həsənova qarşı itihamın uydurma olduğunu bəyan edib.