AZAL dünyanın imtina etdiyi təyyarədən 10 ədəd alıb

Avropa Birliyi ölkələri hava məkanlarını Boeing 737 MAX 8 təyyarələrinin üzünə bağlayır. Bu cür təyyarələrdən son beş ayda ikisi qəzaya uğrayıb düşdüyü üçün AB belə qərar verib.

Sonuncu Boeing 737 MAX-8 qəzası keçən bazar Efiyopiyada baş verib. Təyyarənin göyərtəsində 157 nəfər olub. Ümumiyyətlə baş verən hər iki qəza təhlil edilib və məlum olub ki, hər iki qəzada problem təyyarələrin proqram təminatından qaynaqlanıb. Təyyarə qəzasından dərhal sonra Almaniya Nəqliyyar Naziri Andreas Scheuer yerli “ntv” kanalına verdiyi müsahibəsində Boeing 737 MAX təyyarələrinin üzünə ölkə hava məkanını bağladığını bildirib. Nazir deyib ki, “bizim üçün təhlükəsizlik hər şeydən öndə gəlir. Bütün şübhələr aradan qalxana qədər, alman hava məkanı Boeing 737 MAX-8 üçün qapadılıb”

Almaniyanın ardınca Fransa, İngiltərə, İrlandiya, Hollandiya, Avstraliya, Çin, Argentina, Malaziya, Hindistan, İndoneziya, Sinqapur və s. ölkələr bu təyyarənin öz hava məkanlarına daxil olmasını qadağan ediblər.

Digər yandan Azərbaycan Hava Yollarının mətbuat xidmətinin dünən yaydığı xəbərə görə bütün dünyanın imtina etdiyi Boeing  təyyarəsindən Azərbaycan Hava Yolları nəinki imtina etmək istəmir, əksinə bu təyyarədən 10 ədədini sifariş verib və yaxın 3 il ərzində həmin təyyarələr Azərbaycana gətiriləcək.

Bununla belə AZAL rəhbəri Cahangir Əsgərov sifariş verdikləri yeni 737 MAX-8 təyyarələrinin proqram təminatında hər-hansı qüsurun ortaya çıxmasının qarşısını alacaqlarını deyir  “Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq” – deyə Cahangir Əsgərov bildirmişdir.