Beynəlxalq Vəkillər Komissiyası Elçin Sadıqova qarşı addımlardan narahatdır

Beynəlxalq Vəkillər Komissiyası (International Commission of Jurists – İCJ) BMT-nin İnsan haqları Şurasının Cenevrədə keçirilən toplantısı zamanı Azərbaycan, Türkiyə, Polşa və Macarıstanda qanunun aliliyinə qarşı təhdidlərlə bağlı bəyanatla çıxış edib. 

Təşkilatın açıqlamasında vəkil Elçin Sadıqov barəsində Azərbaycan Vəkillər Kollegiyasının çıxardığı qərar xüsusi qeyd olunub.

İCJ fevralın 25-də Vəkillər Kollegiyası tərəfindən Sadıqov barəsində hökm çıxarılması ilə bağlı narahatlığını dilə gətirib.

Hökmün səbəbi Azərbaycan Baş Prokurorluğunun hələ 2018-ci ilin sentyabrında verilmiş şikayətidir.

Həmin vaxt Baş Prokurorluq Sadıqovu Yunis Səfərovun (Gəncə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunurdu) müdafiəsindən kənarlaşdırıb, vəkili “yalan ifadə” verməsi üçün Səfərova “psixoloji təsir göstərməkdə” ittiham edib.

ICJ-nin bəyanatında deyilir ki, vəkilin peşə etikasına və öhdəliklərinə uyğun şəkildə atdığı addımlara görə məsuliyyətə cəlb edilməsi haqqında qərar vəkillərin müstəqilliyini və onların insan hüquqlarını müdafiə etmək qabiliyyətini təhlükə altına qoyur.

Elçin Sadıqov

Təşkilatın bundan əvvəl Elçin Sadıqovla bağlı yaydığı bəyanatda bildirib ki, Sadıqovla bağlı çıxarlan qərar Azərbaycanda vəkillərin öhdəliklərini müstəqil şəkildə yerinə yetirməsinə məhvedici təsir göstərə bilər.

Sənəddə deyilir ki, BMT-nin hüquqşünasların rolu haqqında əsas prinsiplərinə uyğun olaraq, vəkillər “müştərilərinin maraqlarına hörmət etmək” öhdəliyi daşıyırlar.

İCJ həmçinin peşə sirri zəmanətlərinə və beynəlxalq hüquq və milli prosedurlara zidd olaraq, Sadıqovun söhbətlərinin izlənilə biləcəyindən narahatdır.

Beynəlxalq təşkilat Vəkillər Kollegiyasının müstəqil vəkillərə dəstəyini təsdiq etməsini, Sadıqova qarşı sanksiyaları ləğv etməsini zəruri hesab edir.

Təşkilat vəkillərin həbs yerlərində müştəriləri ilə ünsiyyətinin məxfiliyinə zəmanət vermək üçün qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi məsələsinə baxmağa çağırır.