BMT-nin insan haqları təmsilçisi uyğurlarla görüş istəyir

BMT-nin insan haqları üzrə rəhbəri Michelle Bachelet deyir ki, özəlliklə Sincan Uyğur muxtar regionunda yoxaçıxmalar və özbaşına saxlamalarla bağlı Çinlə əlaqə yaratmağa çalışır.

Hazırda Sincanda 1 milyonadək etnik uyğur və digər müsəlmanların xüsusi mərkəzlərdə saxlandığı bildirilir. Çin bunları yenidən təhsil və təlim mərkəzi, fəallar isə kütləvi saxlama düşərgələri adlandırır.

Bachelet martın 6-da Cenevrədə BMT-nin İnan Haqları Şurasına illik hesabatını təqdim edib. O deyib ki, hakimiyyətin hüquqlara sayqısını göstərən siyasət Sincanda sabitlik və inkişafa kömək edə bilər.

“Bu ərazi Kəmər və Yol Təşəbbüsünün mərkəzindədir və bu marşrut Orta Asiya, Cənubi Asiya və Avropaya quru dəhlizlərinə imkan yaradır. İnanıram ki, hakimiyyətin bütün xalqların hüquqlarına sayqısını sərgiləyən siyasət regionda sabitlik və təhlükəsizliyi asanlaşdıra bilər”, –Bachelet vurğulayıb.

BMT-nin din azadlığı üzrə araşdırmaçısı Ahmad Shaheed martın 5-də deyib ki, Çindən onun Sincan regionuna səfərinə icazə istəyib.

Çin Sincandakı hərəkətlərinə görə beynəlxalq qınaqla üzləşir. Amma hakimiyyət bu yaxınlarda bildirib ki, bu uzaq qərb regionunda ekstremizmin kökünü kəsmək istəyir.

Bachelet Şurada onu da deyib ki, onun idarəsi Əfqanıstan, İran, Ukrayna daxil olmaqla bir sıra ölkələr üzrə hesabatlar təqdim edəcək.