Elgiz Qəhraman: “Məni sosial şəbəkədə yazdığım dörd sözlük statusuma görə həbs etmişdilər”

Elgiz Qəhrəman

Prezidentin mart ayının 17-də imzaladığı əhv fərmanı ilə azadlığa çıxan NİDA-çı məhbus Elgiz Qəhraman “Abzas”a onun həbsinə aparan hadisələrdən, həbsindən və üzərinə qoyulan ittihamlardan bəhs edib.

 – Elgiz, sənin həyatının uzun dövrünü Türkiyədə yaşadığını bilirəm. Ancaq səni siyasi motivlərlə Azərbaycanda həbs etdilər. Bizə danışa bilərsənmi, necə oldu fəaliyyətin Türkiyədə olduğuna baxmayaraq Azərbaycanda həbs etdilər.

 – Doğrudan da, 2004-2014-cü illər arasında Ankarada yaşamışam və Ankara Universiteti, Siyasi Elmlər fakültəsi, Beynəlxalq Əlaqələr bölümünü bitirmişəm. Türkiyədə işləyə-işləyə Anadolu Universitetinin Xarici Ticarət fakültəsində distant olaraq oxuyurdum. Türkiyədə qaldığım 10 il ərzində müxtəlif tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşam. Bildiyiniz kimi Məmməd Əmin Rəsulzadənin məzarı Ankaradadır. Hər il 28 may günü, yaxud 31 yanvar Rəzulzadənin doğum günü və 6 mart Rəsulzadənin ölüm günlərində onun məzarına yürüşlər təşkil edirdik. Bundan başqa Türkiyədə olduğum dövrdə NİDA-nın üzvü olmuşdum və Azərbaycan olan ictima etirazların bənzərini Türkiyədə də təşkil edirdik. Məsəlçün, “Əsgər ölümlərinə son” mitinqindən Ankarada da təşkil etmişdik, özü də iki dəfə. Mənim bu cür ictimai fəallığım Ankaradakı Azərbaycan səfirliyinin diqqətini çəkmişdi, onlar məni səfirliyə çağırıb, üzbəüz və açıq şəkildə təhdid etmişdilər. Bundan əlavə, 2015-ci ildə NİDA üzvü kimi deputatlığa namizədliyimi vermişəm, həbsimdə bu motivlərin də rol oynadığını düşünürəm.

Keçmiş siyasi məhbus Elgiz Qəhraman Türkiyədə Xocalı soyqırımı ilə bağlı mitinqdə iştirak edərkən.

 – Sənin həbsini hər kəs iki versiyaya bağlayırdı, biri NİDA-çı kimi fəaliyyətinlə, o biri də Fətullah Gülən hərakatı ilə yaxınlığına görə. Sənin Türkiyədə dindar çevrələrlə hər-hansı bir əlaqən vardımı, niyə Fətullahçı adlandırıldın səncə?

 – Mən inanclı insan sayılmıram və nə FETÖ-çülərlə, nə də hər hansı bir dini cərayanla yaxından-uzaqdan əlaqəm olmayıb. Mən Rəsulzadə baxışlı türkçü və miliyyətçiyəm. Doğrudan da, hakimiyyət məni həbs edəndən sonra istəyirdi Fətullah Gülən hərakatı ilə əlaqələndirsin, amma sonra özlərinə də qəribə gəldi və geri addım atdılar. Bu əlaqələndirmə üçün özlərindən bir səbəb kəşf eləmişdilər. Deməli, mən 2016-cı il 15 iyul çevriliş cəhdi zamanı sosial şəbəkələrdə bir neçə analizimi yazmışdım. Analizlərimdə Ərdoğan idarəçiliyini tənqid etmişdim. Mən mütəmadı həm Ərdoğanı, həm də Fətullahçıları tənqid etmişəm. Bizim hakimiyyət də bu analizlərimi görüb, düşünüb ki, bəlkə Ərdoğanı tənqid edirəmsə bununla məni Fətullah tərəfdarı kimi həbs edə bilərlər. Bundan başqa həbsimin gülməli bir səbəbi də vardı.

Elgiz Qəhramanlı Türkiyədə “Gezi parkı” mitinqləri zamanı.

 – Nə idi o səbəb?

 – Deməli, NİDA-da da, Türkiyədə də dostlarım arasında məni daim “başqan” adlandırırdılar. Belə bir ləqəblə çağırırdılar. Hökümət bundan xəbər tutmuşdu, düşünürdülər ki, ya NİDA-nın başqanıyam, ya da Fətullahçılara bağlı hansısa təşkilatın başqanıyam. Başqan sözü onları çox şübhələndirmişdi. Mənə istintaqda daim bu haqda soruşurdular ki, haranın başqanısan, kimlərdən pul alırsan, təşkilatının üzvləri kimlərdir.

 – Həbsinin bu saxta səbəbiylə bərabər real bir səbəbi də olduğunu məhkəmə zamanı demişdin. Deyəsən, sosial şəbəkədəki bir paylaşımın və paylaşımında işlətdiyin bir cümləlik şərhin hakimiyyəti qəzəbləndirmişdi?

 – Bəli, Azərbaycanda 2016-cı ildə keçirilən 26 sentyabr referendumu ərəfəsində mütəmadi olaraq sosial şəbəkələrdə öz fikirlərimi yazırdım. Bir dəfə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xəbər saytlarından birində prezidentin oğlu haqda müsahibəsi çıxmışdı. O, prezidentin oğlunu Şah İsmayıl Xətai ilə müqayisə edirdi. Mənsə, bunu bir cümləlik şərhimlə paylaşmışdım. Yazmışdım ki, “Özü yox ömrü oxşasın”. Heç bilməzdim ki, buna görə məni həbs edələr, işgəncə verərlər.

Elgiz Qəhramanlı Ankarada Rəsulzadənin məzarı üstündə.

 – Deməli, hakimiyyətdəki adamlar qarğışa hiddətləniblər.

 – “Bandotdel”də məni döyüb, işgəncə verənlər elə hey deyirdilər ki, niyə elə qarğış işlətmisən.

 – Aldığın işgəncələr və yaşadığın psixoloji təzyiqlərə görə sağlamlığında hər-hansı bir problem yaranıbı?

 – Bəli sağlamlığımda çoxlu problemlər var ki, bunlar həbsə düşəndən sonra yarandı. Həbsə düşməzdən əvvəl həmin problemlər məndə yox idi. Bundan əlavə ciddi psixoloji gərginliklər yaşamaqdayam. Müayinə və müalicəyə ehtiyacım var.