Ermənistanda ordudan yayınanlar üçün əfv qanunu qəbul edilir – cərimə ödəyəcəklər

Ermənistan parlamentinin yeni qəbul edəcəyi qanunla yaşı 27-yə çatmış və əsgərliyə aparılmaq qorxusu ilə ölkəyə qayıtmayan 2 mindən artıq erməni gənci ölkəyə qaytarmaq istəyir.

“Sputnik”in erməni xidmətinin xəbərinə görə, Ermənistan Parlamenti yeni hazırlanan qanunu elə ilk oxunuşdaca yekdilliklə qəbul edib. Qanun 27 yaşına çatmış və hərbi xidmətdən yayınan erməni gənclərinin ölkəyə qayıdıb cərimə ödəyərək əsgərlikdən azad olunmasına imkan yaradacaq.

Qanunun müəlliflərindən biri, “Çiçəklənən Ermənistan” partiyasından olan Gevorq Qorqisyan deyib ki, xaricdə yaşayan xeyli erməni gənc bu qanunun qəbul edilməsini gözləyir. Onun sözlərinə görə, qanun 2 min gəncə şamil olunacaq.

Qorqisyanın bildirib ki, ümumilikdə ölkədə hərbidən yayınanlar 11 min nəfərə yaxındır. Qorqisyan bu rəqəmi keçmiş diaspora naziri və deputat Mxitar Ayrapetyandan aldığını bildirir.

Fevral ayının sonunda Ermənistan Parlamentinin müdafiə və təhlükəsizlik üzrə Komissiyasının müzakirəsi zamanı Andranik Koçaryan demişdi ki, hal-hazırda ermənistanda orduda xidmət etməkdən yayındığına görə 3225 nəfər 27-35 yaşlı gənc var.

Belə ki, bundan öncə Ermənistanda bənzər əfv qanunu bir dəfə də qəbul edilmişdi. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2003-cü ildən sonra ümumən 9985 nəfər 27 yaşına çatmış vətəndaş belə əfv qanunundan istifadə edərək cinayət məsuliyyətindən azad olunub və cərimə ödəyib.

Ermənistan Müdafiə Nazirliyi ümumilikdə bu cür cərimələrdən xüsusi yaratdığı fonda 11,8 milyard dram (24,5 milyon dollar) pul toplayıb.