Heyvanlardan insana keçən bakteriyalar psixi xəstəliklər törədə bilirmiş

ABŞ-da aparılan bir tədqiqat nəticəsində məlum olub ki, heyvanlardan insanlara keçən, daha çox pişiklərin dırnağında yaşayan Bartonella adlı bakteriyanın yaratdığı çoxsaylı xəstəliklərdən biri də psixoloji xəstəliklərmiş.

Amerikanın Canubi Karolina Dövlət Universitetinin tədqiqatçıları “Bartonella heselae” infeksiyasına yoluxmuş bir xəstədə sürətli şizofreniya xəstəliyinin simptomlarını görüblər.

“Journal of Central Nervous Disease” dərgisində dərc olunan tədqiqat nəticələrinə görə yeniyetmə yaşda olan şizofreniya xəstəsinin müalicəsi üçün bir çox həkim birləşərək 18 ay boyunca çalışıb. Həkimlər xəstəyə psixoz və immunitet sisteminin möhkəmləndirilməsi istiqamətində müalicə tətbiq ediblər, ancaq bütün müalicələrin bir xeyri olmayıb.

Həkimlərdən biri xəstənin dərisində adətən Bartonella virusuna yoluxmuş xəstələrə xas qızartıları gördükdən sonra xəstənin bu virusdan əziyyət çəkdiyini yəqin edib. Xəstə mikrob əleyhinə və kimyaterapiya ilə müalicə olunduqdan sonra sağlamlığına qovuşa bilib.

Bartonella infeksiyasının bilinməyən yönünü öyrənən həkimlər qrupunun rəhbəri Dr. Ed Breitschwerdt deyib ki: “Bizim araşdırmamız psixi pozuntuların Bartonella bakteriyasıyla hansı dərəcədə əlaqəli olduğunu da ortaya çıxarmaqda kömək etdi. Bu hal bizə tibbi yöndən mürəkkəb olan bəzi xəstəliklərin bakteriya infeksiyalarıyla əlaqəsini gələcəkdə də araşdırıb ortaya çıxarmağa fürsət oldu”.