Hüquq müdafiəçiləri Azərbaycanda hələ 87 siyasi məhbusun olduğunu bildirirlər

Martın 16-da prezidentin əfv sərəncamından sonra jurnalistlər, blogerlər, vətəndaş, müxalifət və dini fəallar, həmçinin keçmiş məmurlar daxil olmaqla, 50-dən çox siyasi məhbus azadlığa buraxılsa da hələ Azərbaycan həbsxanalarında 87 siyasi məhbus qalır.

Bu barədə Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatında bildirilir.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.

87 nəfər 7 qrupa bölünüb. “Jurnalistlər və blogerlər” kateqoriyasına 5, “hüquq müdafiəçiləri” – 1, “müxalifət partiyaları və hərəkatların üzvləri” – 7, “MTN (2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi) cinayətlərinin qurbanları – 3, “dindarlar” – 56, “girovlar” – 1, “ömürlük mühakimə olunanlar” – 14 nəfər daxildir.

“Dindarlar” bir neçə qrupa ayrılır. Bura 2015-ci il Nardaran hadisələrinə görə mühakimə edilmiş İslam Partiyasının nümayəndələri və başqaları daxildir.