İlkin Rüstəmzadə: “Mənə digərlərindən qat-qat ləyaqətli azadlığa çıxmaq variantları da təklif olunmuşdu”

Gənc fəal İlkin Rüstəmzadə 2013-cü ildə təşkil etdiyi “Əsgər ölümlərinə son!” mitinqinə görə həbs olunmuşdu.

O, bu yaxınlarda imzalanmış kütləvi əfv fərmanı ilə azadlığa çıxıb. İlkin Rüstəmzadə “Abzas”a həbsinin səbəbləri, azadlığa çıxandan sonrakı təəssüratları və gələcək siyasi fəaliyyəti ilə bağlı planlarından danışıb.

 – İlkin, hər kəs sənin “Əsgər ölümlərinə son” adlı etiraz mitinqinin təşkilatçısı olduğuna görə həbs edildiyini bilir. Ancaq bir müddət başqa mövzu daha ortaya çıxdı, guya sən “Harlem shake” videosunu çəkib sosial şəbəkələrdə yaymaqda ittiham olunmuşdun. Bu ittiham necə ortaya çıxdı?

 – Bəli, “Harlem shake” videosu ilə bağlı mənə ittiham verilmişdi. Bu ittihamın verilməsinin mahiyyətini çox adam anlamadı. Mən həbsimdən iki gün öncə bir bəyanat yayıb bildirmişdim ki, zorakılığı dəstəkləmirəm, nə 10 mart aksiyasında, nə ondan qabaq zorakılığa çağırış etməmişəm. Nə ABŞ, nə Avropa təşkilatları ilə maliyyə əlaqələrim yoxdur. Bu bəyanat mediada yayımlanandan sonra bir günün içində mənə qarşı ittihamı dəyişdirdilər. İlk dəfə məni istintaqa çağıranda mənə mitinqlə bağlı suallar verirdilər, bu ittihamla həbs etmək istəyirdilər. Ancaq məni qurama, “Harlem shake” videosu çəkmək adıyla həbs edib sonradan üzərimə, kütləvi zorakılıq, mütəşəkkil dəstə yaratmaq kimi ittihamları qoydular.

Haqqında bəhs olunan videonun mənə heç bir aidiyyatı yox idi. Qısamüddəti perspektivdə bu video mənim həbsimin absurdluğunu göstərəcəkdi, amma uzunmüddətli perespektivdə mənim beynəlxalq aləm tərəfindən layiq olduğum kimi müdafiə olunmağımı çətinləşdirmək üçün idi. Bir anlıq özünüz təsəvvür edin ki, qərbdəki insan haqları təşkilatları nüfuzlu dissidentlərdən sonra məni, yəni hansısa mənasız bir videonu çəkən şəxsi müdafiə etməyəcəkdi. Bir sözlə, bu ittiham hakimiyyətin məqsədləri üçün hazırlanmışdı.

İlkin Rüstəmzadə “Əsgər ölümlərinə son” mitinqi zamanı.

 – Sən bu yaxında bir müsahibəndə demişdin ki, sizin təşkil etdiyiniz “Əsgər ölümlərinə yox” mitinqlər zamanı hakimiyyət bunun qərblə əlaqəsi olub-olmadığını araşdırırmış. Həmin mitinqin Gürcüstanda, Qırğızıstanda, Ukraynada baş verən, Qərbin maliyyələşdirdiyi iddia edilən inqilablara bənzərliyini düşünürdümü hakimiyyət?

 – Hakimiyyət bizim mitinqin məxməri, ya da rəngli inqilablardan olduğunu düşünmürdü. Ümumiyyətlə, Gürcüstanda, Qırğızıstanda, Ukraynada Qərb gedib inqilab etməyib. Sadəcə xalq inqilab edir, qərb də bunu dəstəkləyir. Hakimiyyət o zaman sadəcə bilmək istəyirdi ki, Qərbdən kimsə bu prossesi qızışdırır, ya yox. Mənimlə istintaq dövründə, cəzaçəkmə müəssisəsində danışığa gələn müxtəlif hakimiyyət nümayəndələri üstüörtülü şəkildə olsa da işarə edirdilər ki, sən özbaşına deyilsən, arxanda kimlərsə var. Hətta, bir dəfə həbsxanaya mənlə söhbətə gələn bir yüksəkrütbəli zabit mənə açıq şəkildə dedi ki, sən həbsxanda ABŞ dövlət departamentinin sanki bir bürosunu yaradıbsan, burda Amerika təbliğatı aparırsan. Cavab verdim ki, mən Azərbaycan vətəndaşıyam və Qərblə heç bir əlaqəm yoxdur.

Hakimiyyətin “Əsgər ölmlərinə son” mitinqində həbs olunanlara qarşı elə bir açıq şübhəsi yox idi ki, bu adamların Qərblə ciddi əlaqələri var. Sadəcə çox vaxt üstüörtülü, çox az hallarda da açıq şəkildə belə bir versiya üzərinə bizdən nələrsə soruşurdular.

– Sənin 2013-ci ildə təşkil etdiyin əsgər ölümlərinə etiraz mitinqindən sonra çox şey dəyişdi. O zamankı müdafiə naziri Səfər Əbiyev işdən çıxarıldı. Orduda müəyyən islahatlar aparıldı. Belə halda öz hədəfinə qismən də olsa çatdığını düşünürsənmi?

– Mənim bir sahəylə bağlı məqsədim yox idi. Mən sadəcə heç bir siyasi ambisiyası olmayan, heç bir siyasi partiya mənsubiyyəti olmayan bir adam kimi öz ölkəmdə gördüyüm ədalətsizliklərə etiraz edirdim. Əsgər ölümləri də bu ədalətsizliklərdən biri idi. Mən fəaliyyətimi təkcə əsgər ölümləriylə məhdudlaşdırmamışam. İsmayıllı hadisələri, Binə hadisələri ilə bağlı etirazım olub, tələbələrin problemləri ilə bağlı boykotumuz olub.

Məncə bizim mitinqdən sonra hərbi sistemdə nələrsə dəyişdi, müəyyən islahatlar oldu, yeniliklər oldu. Əvvəlkindən fərqli olaraq əsgərlərə artıq tarakan kimi davranmırlar, əsgərə Azərbaycan vətəndaşı kimi davranırlar. Düzdür, o vətəndaşın hüquqlarının nə dərəcədə qorunduğu hələ də mübahisə mövzusudur.

İlkin Rüstəmzadə həbsxandan çıxarkən.

– Sən həbsə düşəndə 8 nəfər idiniz. Sonra 2014-cü ildə NİDA-çıların bir qismi əfv ərizəsi yazıb həbsdən çıxdı. Hətta, həbsdən çıxıb, loyallıq nişanəsi kimi keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edənlər də oldu. Ancaq sən əfv ərizəsi yazmadın.

– Özümlə bağlı deyə bilərəm ki, o azadlığa çıxmağa razılaşdırılanlarla müqayisədə mənə qat-qat ləyaqətli şəkildə azadlığa çıxmaq  variantları da təklif olunmuşdu. Yəni, məndən bunlar qarşısında diz çökmək tələb olunmur, həm də eyni zamanda bunlar məni öz düşündükləri səviyyədə tam neytrallaşdıra biləcəkdilər. Ancaq bunla razılaşmadım. Ümumən bu məsələlər haqda danışmaq istəmirəm, bunlar keçmişdə qalıb, mənsə gələcəyə baxıram.

– İndi haqqında danışmadığın bir çox şey haqda nə vaxtsa xatirələrini bir kitab formasında yazmağı düşünürsənmi?

– Bəli, həbsxanadakı yaşantılarımla bağlı bir kitab yazmağı planlaşdırıram. Bu kitabda, qaldığım kamera, oxuduğum kitablar, başıma gələnlər haqda yox, altı il ərzində həbsxanadan dünyaya baxışım, ölkədəki prosseslərə münasibətimdən bəhs edəcək. Elə bir kitab yazmaq istəyirəm ki, tamamilə texnologiyadan imtina edib, müəyyən bir müddət sırf yadımda qalanları ya da salaraq xatirələrimi yazmağı hədəfləyirəm.

İlkin Rüstəmzadə həbsxana yoldaşı olan digər siyasi məhbus Əli İnsanovla birlikdə.

– Yenə əvvəlki kimi siyasi mübarizə, insan hüquqları ilə bağlı mübarizə aparmaq əzmindəsən? Adətən, siyasi məhbuslar ya mühacirətə gedib orda mübarizəni davam etdirirlər. Sənin belə bir planın varmı?

– Mən mühacirəti qəbul etmirəm. Gedib Almaniyada, Berlində oturub, deyim ki əziz almanlar mən Azərbaycanda siyasi mübarizə aparırdım, sonra cəsarətim çatmadı, indi gəlmişəm sizin ödədiyiniz vergilərdən bizimçün kəsilən sosial müavinətlə burda yaşayım.

Siyasi mübarizəmi elə burda davam etdirəcəm, amma əvvəlki kimi yox, əvvəlkindən qat-qat samballı, qat-qat yetkin aparacağam. Əvvəlki mübarizəm 20 yaşındakı gəncin spontan bir mübarizəsi idi. İndi mənim elə bir davranış göstərmək kimi lüksum yoxdur, çünki cəmiyyətin məndən gözləntiləri var.

– Prezidentin verdiyi əfv fərmanına qarşı iki cür münasibət var, bir qrup bunu islahat və hökümətin özünü yeniləməsi kimi görür, başqa bir qrup isə deyir ki, hakimiyyət Avropa İttifaqıyla saziş imzalamaq ərəfəsindədir və bu sazişin baş tutması üçün Aİ-nin tələblərini yerinə yetirir. Sən bu iki versiyanın hansına haqq verirsən?

– Prezidentin imzaladığı bu kütləvi əfv fərmanında Qərbin payı 20 faizdən artıq deyil. Əsas səbəb cəmiyyətin fəallaşması və hakimiyyətdən tələbləridir. Bu hadisəni məcburi islahat kimi qəbul etməliyik. Və düşünmürəm ki, İlham Əliyev hansısa islahat etmək istəsə cəmiyyət bunu mənfi qəbul edəcək.

Bildiyimiz bir dəqiq şey var ki, bu əfv fərmanı könüllü şəkildə atılan addım deyil. Əgər bu silsilə islahat cəhdidirsə, biz bunu qəbul etməliyik, buyursunlar eləsinlər. Şübhəsiz, bunun dəyişən iqtisadi vəziyyətlə də əlaqəsi var. Çünki hər bir siyasi problemin arxasında iqtisadi problemlər dayanır, ona görə siyasi addımları da bəzən iqtisadiyyatla əlaqələndirməliyik.

– Sağlamlıqla bağlı bəzi problemlərinin olduğunu bilirəm, bu problemlər həbsxanada yarandı, yoxsa əvvəldən var idi?

– Xeyr, bu problemlər hamısı həbsxanada yarandı. Azadlıqda olanda bir dəfə mədəaltı vəzimdə problem yaranmışdı və müalicə olunub keçmişdi. Həbsxanada isə sağlamlığım çox ciddi şəkildə pozuldu. Hətta o dərəcədə ki, əməliyyata da ehtiyac duyuram.