İlqar Məmmədovun şərti cəzası ləğv olundu [video]

İlqar Məmmədov, 28 mart 2019

Martın 28-də Ali Məhkəmə ReAL Partiyasının sədri İlqar Məmmədovun şərti cəzasını ləğv edib.

Məlumata görə, Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin partiya lideri ilə bağlı cəzasını dəyişdirib. Belə ki, cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İlqar Məmmədov Ali Məhkəmənin qərarına münasibət bildirərkən deyib ki, onun üzərindən məhdudiyyətlərin hamısı götürülməyib. Onun sözlərinə görə, hələlik seçkidə iştirak məhdudiyyəti onun üzərində qalır. 

“İkinci məsələ odur ki, məni hələ də bunlar cinayət törətmiş sayırlar. Mən heç bir cinayət törətməmişəm. Bəraət iddiasındayam və onu qazanacam. Buna baxmayaraq bu gün baş verənlər hadisələr müsbət haldır, o mənada ki, üzərimdən iki mühüm məhdudiyyət götürüldü”.

İlqar Məmmədov bu qərardan sonra hər 10 gündən bir Probasiya Xidmətindən qeydiyyatdan keçməyəcək və ölkədən çıxışına maneə aradan qaldırıldı.

Real Partiyasının İdarə Heyətinin üzvü Azər Qasımlı da məsələyə münasibət bildirib. Siyasətçi sosial şəbəkədə yazıb ki, Ali Məhkəmə İlqar Məmmədovun şikayətini qismən təmin etdi.

“Bəraət verməsə də daha əvvəlki qadağaları qaldırdı. Lakin 2024-də qədər seçkilərdə iştirakını hələ də əngəlləmiş oldular. Məhkəmənin qərarı siyasi hakimiyyətin mövqeyini əks etdirir. Yumuşama hiss olunsa da, tam deyil, mərhələlidir”.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il dekabrın 5-də Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

AİHM İ.Məmmədovla bağlı həmin ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra, Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini şərti hesab edib.