İngilis qəzeti Rusiya səfirini “agent” adlandırıb, səfir üzr tələb edir

Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko “The Mail on Sunday” qəzetindən onun haqda böhtan yazdığına görə rəsmi üzr tələb edib.

Bu haqda Rusiyanın Britaniyadakı səfirliyinin saytı məlumat yayıb.

Qəzetin bu gün yaydığı məqalədə deyilir ki, Yakovenko 80-ci illərdə SSRİ-nin BMT-dəki diplomatik təmsilçiliyində işləyərkən təhlükəsizik xidmətinin agenti olub.

Bundan əlavə, Yakovenko həm də Nyu-Yorkdakı səfirlikdə işləyərkən guya ora casusluq missiyasıyla yollanıbmış.

Səfirlik bu haqda məlumatı “kobud yalan” adlandırıb.

Qəzet bununla da qalmayıb, Yakovenkonun hətta “casusluq fəaliyyətinə” görə dövlət mükafatı da aldığını iddia edib.

“Yuxarıda göstərilənləri nəzərdə tutaraq, səfir sizin üzrünüzü gözləyir”, – deyə səfirlik qəzetə müraciət edib.

Bundan öncə, 2018-ci ilin 6 dekabrında Britaniya təhlükəsizlik xidməti MI5 təhlükəsizlik və hərbi sahədə çalışan dövlət işçilərini ölkə ərazisində rus diplomatlarla bağlı daha ayıq olmağa çağırmışdı. Bundan sonra rus diplomatlarının maşınları və telefonları izlənməyə başlayıb.

Böyük Britaniya və Rusiya arasındakı münasibətlər 2018-ci ilin mart ayında Londonun Moskvanı keçmiş rus təhlükəsizlik işçisi Serqey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı ittihamından sonra pisləşməyə başlamışdı.

Bu hadisədən sonra Böyük Britaniyanın baş naziri Tereza Mey 23 rus diplomatını ölkədən qovdurmuşdu. Rusiya bütün ittihamları üzərindən atıb və öz ölkəsindəki Britaniya diplomatları ilə bağlı anoloji addımlar atmışdı.