İrəvanda baş tutan etiraz aksiyasında 16 nəfər həbs edilib

İrəvanın mərkəzində dünən baş tutan etiraz aksiyasında 16 nəfər həbs edilib.

Etirazçılar paytaxtın mərkəzindəki kafelərin sahibləri olub. Hakimiyyət bu kafelərin qanunsuz tikildiyini iddia edir.

“Kavkaz-uzel.eu” xəbər agentliyinin məlumatına görə, hakimiyyət nümayəndələri bir müddət əvvəl İrəvanın Azadlıq meydanı ətrafındakı kafelərin sahibləriylə görüşüb onları bağlamaq gərəkdiyini bildiriblər. Kafe sahibləri isə bununla razılaşmayıblar.

Martın 13-dən başlayaraq hökümət “Opera və Balet” teatrının ətrafındakı obyektləri sökməyə başlayıb nəticədə martın 14-də kafelərin sahibləri prospekti bağlayaraq etiraz aksiyası keçiriblər.

Kafe sahibləri ərazidəki obyektlərin sökülməsi nəticəsində 200 nəfərin işsiz qalacağını deyirlər. Hakimiyyət isə İrəvanın Azadlıq meydanı ərazisindəki kafelərin qanunsuz tikildiyini iddia edir.

İrəvanın “Kentron” rayonunun icra hakimiyyəti başçısı Viktor Mnasakanyan isə jurnalistlərlə söhbətində deyib ki, sökülən kafelərə görə heç kimə kompensasiya vermək nəzərdə tutulmur, çünki kafelər özbaşına tikilib.