İran XİN Paşinyanın səfəri zamanı yaranan qalmaqala münasibət bildirib

İran XİN Paşinyanın bu ölkəyə səfəri zamanı yerli erməni diasporu ilə görüşündə Qarabağ münaqişəsi ilə bağlı ermənicə asılmış plakatın yaratdığı qalmaqala münasibət bildirib.

İranın rəsmi xəbər agentliyi “Mehrnews” xəbər verir ki, Ermənistan baş nazirinin Tehrana son səfərinə münasibət bildirən İran XİN rəsmisi Bəhram Qasimi İranın bütün qonşularına münasibətdə şəffaf və aydın siyasət yürütdüyünü söyləyib:

“Biz qonşu ölkələrlə qarşılıqlı ehtiram və daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqda maraqlıyıq. Eyni zamanda, biz münasibətləri daha da genişləndirməyə çalışırıq”.

Sözçünün sözlərinə görə, İranın qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi qonşu ölkələr və dünya ölkələri arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayacaq.

B.Qasimi bildirib ki, SSRİ dağılması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik əldə etməsinin ardınca İran və Ermənistan arasında qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub.

“Ermənistan baş nazirinin İrana səfəri bu əlaqələr və İranın öz xarici siyasətində bütün şimal qonşu ölkələrlə bağlı yürütdüyü siyasət çərçivəsində baş tutub”.

Ermənistan baş naziri Paşinyan İranda Ararat idman salonunda erməni xalqının nümayəndələri ilə görüşərkən arxaya vurulan şüar diqqəti çəkib. Şüarda “Qarabağ Ermənistanındır” yazılmışdı.

Qasimi həmçinin bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır:

“Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir”.

Xatırladaq ki, fevralın 26-28-i günləri arası İranda rəsmi səfərdə olan Ermənistan nümayəndə heyyəti bir çox tədbir keçirib. Fevralın 27-si Tehranla Yerevan arasında iki iqtisadi razılaşma imzalanıb.