Millətçi gənclər İran səfirliyi qarşısında etiraz aksiya keçiriliblər [video]

Bu gün Millətçi Gənclər Təşkilatının fəalları İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında piket keçiriblər.

Gənclər aksiyada “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Bakı, Təbriz, Ankara – biz hara, farslar hara!”, “Qarabağ bizimdir, bizim olacaq!” və digər şüarlar səsləndirilib.

Aksiya iştirakçıları İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İslam inqilabının 40 illiyi ilə əlaqədar etdiyi çıxışda Azərbaycan əleyhinə söylədiyi fikirlərə, İran hökumətinin Ermənistana dəstək verməsinə, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfəri zamanı, onun üzərində erməni dilində “Qarabağ bizimdir, vəssəlam” sözləri yazılmış plakatın fonunda selfi çəkdirməsinə etiraz ediblər.

Gənclər bildiriblər ki, Ermənistan baş nazirinin İrana səfəri zamanı Azərbaycan əleyhinə yönəlik baş verən təxribat xarakterli hadisəsiyə İran tərəfinin göz yumması və bu baş verənlərə indiyə qədər reaksiya verməməsi, üstəlik Ermənistana öz dəstəyini ifadə etməsi onların etirazına səbəb olub.

Aksiya iştirakçılarının qəbul etdikləri bəyanatda da İranın Ermənistanla bağlı siyasəti tənqid edilib.

Səfirliyin binası önündə aksiyanın qətnaməsi oxunub. Polis piketin keçirilməsinə mane olmayıb.