Pashinian Qarabağda Ermənistan təhlükəsizlik şurasının iclasını keçirir

Ermənistanın baş naziri Nikol Pashinian martın 11-də Dağlıq Qarabağa gəlib. O Ermənistan Respublikası təhlükəsizlik şurasının burada keçirilən iclasında iştirak etməlidir.

Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yayıb.

Bu iclasda habelə separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakian iştirak edəcək.

Azatutyun yazır ki, hökumət bu iclas barədə əlavə məlumat verıləcəyini bildirib.

Bu da qeyd olunur ki, Ermənistan baş nazirinin bu iclası niyə Qarabağda keçirməsi məlum deyil.

Saakianın sözçüsü David Babayan deyib ki, bu barədə məlumat təhlükəsizlik şurasının iclasından sonra veriləcək.

“Düşünməyin ki, o gəlirsə, deməli nəsə mühüm bir şey baş verib. Yox. Bu əvvəlcədən planlaşdırılmnış, necə deyərlər, işçi səfərdir. Bu səfərdən məqsəd hansısa qeyri-adi məsələlər, deyək ki, böhran problemləri ilə bağlı deyil”.

Azatutyun saytı yazır ki, baş nazirin bu səfəri zamanı ATƏT-in Minsk Qrupunun son bəyanatının müzakirə olunması gözləniləndir.

Bu bəyanatda həmsədrlər tərəfləri danışıqlar formatına digər tərəfin razılığı olmadan hər hansı dəyişikliyin edilməsinə çağıran bəyanatlar verməməyi tövsiyə ediblər.

Bu da bəllidir ki, Ermənistan baş naziri vəzifəyə gəldiyi ilk gündən Dağlıq Qarabağın danışqılar prosesinə qoşulmasına çağırıb və bunun hətta mövcud formatda nəzərdə tutulduğunu iddia edib.

Məhz buna görə də rəsmi Bakı Minsk qrupu həmsədrlərinin son çağırışının Pashinianın bəyanatları ilə bağlı olduğunu bildirir.

Azatutyunun yazdığına görə Dağlıq Qarabağda ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına birmənalı baxmırlar.

Saakianın mətbuat katibi Azatutyuna deyib ki, sözü gedən bəyanatda Dağlıq Qarabağın danışıqlarda iştirak etməli olmadığı barədə heç nə deyilməyib və söhbət yalnız formatın dəyişməz olduğundan gedib:

“Buna görə də söhbət formata dəyişiklik edilməsinin yolverilməzliyindən gedəndə biz bununla razılaşırıq. Amma Azərbaycan deyir ki, məsələn Türkiyə həmsədr ölkə olsun, Fransa isə həmsədrlikdən getsin, onun yerinə başqa ölkə gəlsin. Bax bu yolverilməzdir”.

Xatırlatma

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı ilə bağlı Azərbaycan Xarici İşlər Naziriyinin (XİN) mətbuat katibi açıqlama yaymışdı.

Açıqlamada qeyd olunurdu ki, Minsk Qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır:

“Biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.