Polis xəbərdarlığından sonra qadınlar yenə də “8 Marş” yürüşünə niyyətlidirlər

Paytaxt polisi yürüş keçirmək istəyən feminist qadınlara xəbərdarlıq etdi. Polis 8 mart günü yürüş keçirməyə görə Bakı Şəhər İcra Hakimiyyətindən icazə almaq gərəkdiyini bildirib.

Sosial şəbəkələrdə “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş – Zoraklığa Qarşı Get” eventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı xəbərdarlıqda deyilir.

Açıqlamada bildirilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müracət etməlidir.

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır.

Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.

“8 Marş” yürüşünün təşkilat komitəsinin üzvlərindən biri Gülnarə Mehdiyeva yürüş üçün hazırlanmış eventin səhifəsində bu haqda yazıb:

“Ətraflı məlumat bundan ibarətdir ki, bizim yürüş öncədən müvafiq qaydada razılaşdırılmayıb. Lakin bu yürüşün məndən başqa da təşkilati heyəti var. Qızların qərarı budur ki, yürüş istənilən halda baş tutsun. Odur ki, bütün iştirakçılar bu məsələni nəzərə alaraq, qərarlarını versin. Hər kəsə uğurlar!”

Digər təşkilatçı Nisə Hacıyeva isə həqiqətən də yürüş üçün heç bir icazə almadıqlarını, ancaq buna baxmayaraq yürüşü keçirəcəklərini yazıb.

“Əziz dostlar, yürüş üçün xəbərdarlıq olunmayıb. Kim buna görə gəlməyəcəksə hörmətlə qarşılayırıq. Biz qızlar plakatlarımızı götürüb yürüyürük, öz ölkəmizdə öz bayramımızı qeyd edirik. Kim qoşulmaq istəyirsə buyursun. Bir yerdə şənlənək”.