REAL partiyası Milli Məclisə iki qanun layihəsi təqdim edib

Respublikaçı Alternativ (REAL) Partiyası martın 4-də seçkili paytaxt meri institutunun tətbiq edilməsini, dövlət universitetlərinin tələbələrinin təhsil haqqından azad edilməsini və əhalinin kredit borcları probleminin həllini nəzərdə tutan qanun layihələrini Milli Məclisə təqdim edib.

Bu barədə partiya açıqlama yayıb. Məlumata görə, bu qanunvericilik təşəbbüsü, qanunla tələb olunduğu kimi, 40 min seçici imzası ilə dəstəklənib.

Sənədlərdən biri Azərbaycan paytaxtının statusu haqqında Konstitusiya qanunu layihəsidir. Bu sənəddə seçilən merin rəhbərlik etdiyi vahid Bakı bələdiyyəsinin yaradılması nəzərdə tutulur, bu barədə Turan-a REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib.

Digər bir dəyişiklik 2019-2020-ci tədris ilində dövlət universitetlərinin bütün tələbələrinin təhsil haqqından azad edilməsini nəzərdə tutur.

“Biz hələlik dövlət büdcəsinə dəyişiklik etməklə məsələni bu illik həll etməyi təklif edirik. Daha sonra dövlət ali məktəblərində ali təhsili pulsuz etmək üçün qanunvericiliyə dəyişikliklər edilməlidir”, deyə Cəfərli sözünə davam edib.

Bundan başqa, REAL əhalinin və biznes qurumlarının kredit borcları probleminin dövlət hesabına həllini təklif edir, belə ki, devalvasiyaya görə dövlət məsuliyyət daşıyır.

Hökumətin həll variantı yalnız əhali üçün və yalnız 10 min dollara qədər olan kreditlər üçün təzminat nəzərdə tutur. Amma bu fərman biznesmenlərə şamil olunmur, deyə Cəfərli qeyd edib.

Devalvasiya ilə əlaqədar yaranmış kredit borcları probleminin tam həllinə 1 mlrd. 700 mln. manat və ya 1 mlrd. dollar tələb olunacaq. Tələbələrin təhsil haqqından azad edilməsi üçün də 150 mln. manat (təxminən 88 mln. dollar) lazımdır.

REAL-da hesab edirlər ki, sözügedən vəsait dövlət büdcəsinin xərc maddələrinin yenidən bölüşdürülməsi, onun ehtiyat hissəsindən istifadə və investisiya təxsisatlarının azaldılması hesabına ayrıla bilər.

Parlament iki ay ərzində partiyanın qanunvericilik təşəbbüsünə münasibət bildirməlidir.

“Təşəbbüsümüzün daha bir əhəmiyyəti odur ki, qanun layihələri hakimiyyət və müxalifət arasında dialoq üçün platforma yaradır ki, bu da cəmiyyəti narahat edən digər problemlərin müzakirəsinə və həllinə də yaxşı təsir edə bilər”, deyə o bildirib.