Rusiya “qanuni oğrulara” qarşı qanunu sərtləşdirir: Putinin təşəbbüsü ilə

Rusiya Dövlət Duması bu gün üçüncü, sonuncu dəfə “Cinayətkar qruplaşmaların yaradılması və üzvü olmaqla bağlı cəzalar” qanununu müzakirəyə çıxararaq qəbul edib. Yeni qanunun təşəbbüskarlarından biri prezident Putin özüdür və o kriminal avtoritetlərin Rusiyada kökünü kəsmək üçün bu qanuna ehtiyac duyulduğunu düşünür.

Yeni qəbul olunmuş qanun belə qruplaşmaların yaradılması və rəhbərliyə görə cəzaları ömürlük həbs cəzasına qədər sərtləşdirir.

Bundan sonra qanunun tələblərini pozanlar ən azı 12 ildən 20 ilə qədər həbs, beş milyon rubla qədər cəriməylə cəzalandırıla bilərlər.

Bu qanun layihəsi Rusiya Dövlət Dumasına prezident Vladimir Putinin təşəbbüsü ilə bu il fevralın 14-də təklif olunub və Rusiyada kriminal avtoritetlərin kökünü kəsmək məqsədi güdür. Putin deyib ki, “bəzən kriminal avtoritetlər öz statuslarından istifadə edərək cavabdehlikdən yaxalarını qurtara bilirlər”.

Lakin kriminal avtoritet olmaq faktına və yaxud cinayətkar ierarxiyada lider mövqeyində dayanmağa görə Rusiya qanunları hansısa cəza nəzərdə tutmur. Prezident gələcəkdə bu halı da dəyişdirməyin vacibliyini düşünür.