Saakaşvili: “İvanaşvili Gürcüstanında ancaq təqaüdçülər və məmurlar qalacaq”

Mixeil Saakaşvili

Saakaşvili Romada mühacir gürcülərlə görüşərkən bildirib ki, İvanaşvilinin partiyası 2020-ci ilə qədər hakimiyyət başında qalarsa Gürcüstan sürətlə boşalacaq. 

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili martın 3-də Romada gürcü mühacirlərlə görüş keçirilib. Bundan əvvəl o ABŞ-ın Filadelfiya şəhərində yanvarın sonlarında gürcü mühacirlərə məxsus “Birlikdə – evə!” adlı Qeyri-Hökümət Təşkilatının dəstəyilə görüş keçirmişdi.

Bundan sonra Saakaşvili Avropa ölkələrində yaşayan gürcülərlə görüşlərə çıxıb. Onun Avropada ilk görüşü kiçik Belçika şəhəri Liejdə olub. Görüş fevralın 10-da baş tutub. İtalyaya isə o “Gürcüstanın gələcəyi forumu” çərçivəsində gəlib.

Foruma Saakaşvilinin Gürcüstandakı tərəfdarları, Avropa və ABŞ-dakı diaspor nümayəndələri qatılıb.

Saakaşvili Gürcüstanın içində düşdüyü vəziyyəti qiymətləndirərkən İvanaşvili dövrünün uğursuzluqlarını sadalayıb, o deyib ki:

“Əgər Bidzina İvanaşvilinin partiyası 2020-ci ilə qədər hakimiyyətdə qalarsa, biz maksimum 2,5 milyon nəfərlik bir ölkə ilə üzəbüz qalacağıq, özü də bu ölkədə ancaq təqüdçülər və məmurlar, bir də cürbəcür kasıb ölkələrdən gələn işçi qüvvəsi ordusu mövcud olacaq”.

Saakaşvilinin verdiyi məlumata görə, onun prezidetliyi dövründə ölkəyə qayıdan daha çox olub, nəinki ölkədən çıxıb gedən, 2012-ci ildən sonra isə Gürcüstanı tam bir milyon insan tərk edib.

Bundan əlavə, Saakaşvili qeyd edib ki, bu gün Gürcüstan iki gəlir mənbəyinin hesabında yaşayır, birincisi onun prezidentliyi dövründə qurulmuş turizm sektoru, ikincisi isə ölkədən kənarda olan və hər il ailələrinə 2,5 – 3 milyard dollar arası pul yollayan işçi mühacirlərin zəhmətidir.