Təbrizli rejissor Qarabağ müharibəsinin gizli qalan təyyarə qəzasından film çəkib

“Abzas” İran rejissoru Möhsün Hadinin Qarabağ müharibəsindən bəhs edən “Arazın dayaz günü” filmi haqda məqaləni təqdim edir. Film Qarabağın ermənilər tərəfindən işağalı və 1994-cü ildə Qarabağ üzərindən keçərkən ermənilər tərəfindən vurulmuş İran təyyarəsindən bəhs edir.

Təbrizli rejissor, miliyyətcə azərbaycanlı Möhsün Hadi bundan öncə bir neçə uğurlu sənədli filmə imza atıb. Qarabağ haqda film çəkməsi isə tamamilə təsadüfən baş verib. O Tehranın Abdullah Çitgər məzarlığında gəzərkən 1994-cü ildə Qarabağda təyyarə qəzasında həyatını itirmiş İran vətandaşlarının məzarlarını görüb. Bu hadisə Möhsün üçün Qarabağla bağlı bir film çəkməyə bəhanə olub. Bəli, bəli bəhanə, çünki filmin əsas xəttlərindən biri Qarabağ münaqişəsini İran xalqına tanıtmaq, münaqişənin nəticələrindən əziyyət çəkənləri göstərməkdir.

Təbrizli rejissor Möhsün Hadi.

Möhsün Hadi Qarabağ haqda film çəkmək ideyasının necə yaranmasını “Abzas.org”a danışarkən deyir:

“Qarabağ müharibəsi başlayanda mən uşaq idim və daim televiziyadan bu haqda eşidərdim, o zamandan Qarabağ ürəyimdə bir yara kimi qalıb. Daim Qarabağ müharibəsi, Xocalı soyqırımı haqda məlumat toplamaqla məşğul olmuşam, bu mövzu hər zaman diqqətimdə olub. 10-12 il öncə Tehrandaykən Həmədan azərbaycanlısı, tanınmış rejissor Rza Borci ilə tanış oldum. O 1993-cü ildə Dağlıq Qarabağa səfər edib, orda müharibəni müşahidə edib,  çoxlu fotolar çəkib. Mən ona təklif etdim ki, Qarabağda gördükləri və çəkdiklərini kitab halına salsın ki, İranda gənclər orda baş verənlərdən xəbərdar olsun. O da bu ricamı xoş qarşıladı, ancaq indi xəstədir deyə, qərara aldım ki, özüm bu mövzuda bir film çəkim. Mənim çəkmək istədiyim mövzu çox adamın hələ də xəbərdar olmadığı bir mövzudur. Belə ki, günlərin bir günü dostlarım mənə Tehranda Abdullah Çitgər məzarlığında iki qəbir göstərdilər ki, qəbir daşlarından ölmüş adamların 1994-cü ildə Qarabağ müharibəsində şəhid olmuş iki ana və iki körpə olduğu aydınlaşır. O gördüyüm mənzərə məndə sual yaratdı, Tehrandan olan bir ailə müharibə zamanı Qarabağda nə gəzirmiş? Araşdırmalarımdan öyrəndim ki, onlar 94-cü ildə Novruz Bayramından bir gün öncə Moskvadan Tehrana qayıdan təyyarədə Qarabağın üstündən keçərkən təyyarə ermənilər tərəfindən vurulub və orda 32 nəfər iranlı şəhid olub. Şəhid olanlar İranın Moskvadakı diplomatları və onların ailələri imiş. Bu haqda məlumatı İranın o dövrkü xarici işlər naziri Əli Əkbər Vilayəti bir müsahibəsində bildirib. Ancaq niyə o təyyarə, məhz, Qarabağın üzərindən keçib, niyə İran təyyarəsi olduğu halda vurulub, bu haqda elə bir məlumat yoxdur. Məqsədim həmin hadisəni araşdırmaq və bir yandan da Qarabağ müharibəsinin tarixçəsini tamaşaçılara göstərməkdir.”

Möhsün Hadinin filmi İranda, İranla Ermənistanın sərhəddlərində və Azərbaycanda, Bakıda çəkilib. Müəllif filmi tamamilə Azərbaycanca çəksə də, filmə farsca altyazılar əlavə edib.

Film Azərbaycanda və İranda nümayiş etdirilib.