Urmiyə gölü ətrafındakı kəndlərdə tənəffüs xəstəlikləri yayılır

Təbriz millət vəkili Zəhra Sai Urmiyə Gölünün ətrafında yerləşən kəndlərdə tənəffüs və göz xəstəliklərinin yayılmaqda olduğunu gündəmə gətirib.

Bu barədə İran Parlamentinin mətbuat orqanı olan “Millətin Evi”agentliyi məlumat yayıb.

“Urmiyə gölünün tamamilə quruması və duz fırtınalarının ortaya çıxması təqdirdə 15 milyon türkdilli əhalini mühacirətə məcbur edəcəkdir,” xanım Sainin sözləri agentlikdə dərc edilib.

Millət vəkilinin bildirdiyinə görə, Urmiyə gölü ətrafında baş verən ekoloji böhran hal-hazırda da bölgə əhalisinin müxtəlif xəstəliklərə tutulmasına yol açıb.

“Hal-hazırda da Urmiyə gölünün ətrafında bəzi kəndlilər tənəffüsdə çətinlik çəkirlər. Bu, göz yanması və tənəffüs xəstəliklərini ortaya çıxarır,” deputat söyləyib.

Zəhra Sai həmçinin mart ayının 6-sının İran “Urmiyə Gölü Günü” olaraq adlandırıldığını bildirib.

Ekspertlər Urmiyə Gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiyə kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyi bildirirlər.

Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.