‘Xəlqi Hüseyn viran edilmiş səhiyyə sistemində həkim səhlənkarlığından öldü’

Xəlqi Hüseyn və övladları

Martın 10-da axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəal gənclərindən, Suraxanı şöbəsi Gənclər Komitəsinin sədri Xəlqi Hüseyn vəfat edib. 

Bu barədə partiya sədri Əli Kərimli məlumat yayıb. Onun sözlərinə görə, gənc siyasi fəal həkim səhlənkarlığından vəfat edib. Ona 4 gün düzgün diaqnoz qoya bilməyiblər.

“AXCP ailəsinə ağır itki üzv verdi, Xəlqi Hüseyn gənc yaşında vəfat etdi. Xəlqi bəyi ölkənin viran edilmiş səhiyyə sistemi öldürdü. Beyninə qan sızmışdı. Ancaq Sabunçu xəstəxanasında ona 4 gün ərzində düzgün diaqnoz qoyulmadı”.

Əli Kərimli bildirib ki, gənc fəalın beyninə qan sızmasından yalnız bir həftə sonra Bakı Neyrocərrahiyyə Mərkəzində beyinə qan sızması müəyyənləşdirilib

“Onda da artıq gec oldu. Xəlqi bəyin beyninə ikinci dəfə və daha güclü qan sızdı, bu da onun ölümünə səbəb oldu. O, çox cəsur, vətənsevər, ədalətpərəst bir gənc idi. İki balaca oğlu ilə bağlı, vətənimizlə, millətimizlə bağlı gözəl arzuları var idi. Arzularının gerçəkləşməsini görmək ona nəsib olmadı. Hamımız kədərliyik. Bu gözəl insanın, işıqlı gəncin vaxtsız ölümü hamımızı sarsıdıb. Allah ona rəhmət eləsin”.

Partiya sədri Xəlqi Hüseynin ailəsinə, cəbhədaşlarına, gənc fəalı tanıyanların hamısına başsağlığı verib.

“İnanıram ki, Xəlqi bəy bunu görməsə də, oğlanları onun arzuladığı Azərbaycanda yaşayacaq, atalarının qısa, ancaq şərəfli ömür yolu ilə fəxr edəcəklər”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz hələki baş tutmayıb.